
Bakı. Trend:
İraqda İran tərəfindən dəstəklənən silahlı qruplaşmalar ölkədə
ABŞ vətəndaşlarına və ABŞ-la əlaqəli hədəflərə qarşı hücumlar
həyata keçirir.
Trend xarici
KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ-nin Bağdaddakı
səfirliyi məlumat verib.
Səfirlik ABŞ vətəndaşlarına İraqı dərhal tərk etməyi, həmçinin
İraq hava məkanında raket və pilotsuz uçuş aparatları ilə bağlı
davam edən risklər səbəbindən Bağdaddakı səfirlikdən və Ərbildəki
konsulluqdan uzaq durmağı tövsiyə edir.
Hücumlar bu həftə ərzində iranyönümlü Xalq Səfərbərlik
Qüvvələrinin (PMF) döyüşçülərinin ölümünə səbəb olan bir sıra
ölümcül hava zərbələrindən sonra baş verib. İranpərəst silahlı
qruplaşmaların koalisiyası olan və İraq ordusunun tərkibinə daxil
edilən PMF bu zərbələrə görə ABŞ-ı günahlandırır.
Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə bağlı
danışıqlarda konkret razılaşma əldə olunmadığına görə, 28 fevraldan
etibarən ABŞ və İsrail İrana hərbi hava hücumlarına başlayıb. Buna
cavab olaraq İran da həmin gündən etibarən İsrailə və ABŞ-nin
region ölkələrindəki hərbi obyektlərinə raket və dronlarla hücum
edib.
İrana hərbi hava hücumlarının ilk günündə İranın Ali Lideri
Ayətullah Seyid Əli Xamenei, bir sıra yüksək vəzifəli hərbçilər
ölüb. 8 martda İranın Ekspertlər Məclisi səsçoxluğu ilə Ayətullah
Seyid Əli Xameneinin oğlu Seyid Muctaba Xameneini İranın 3-cü Ali
Lideri seçib.
İrana hərbi hava hücumları nəticəsində İran Ordusunun Baş
Qərargah rəisi general-mayor Əbdülrəhim Musəvi, İslam İnqilabı
Keşikçilər Korpusunun (SEPAH) baş komandanı Məhəmməd Pakpur, Ali
Liderinin müşaviri və Müdafiə Şurasının katibi Əli Şəmxani, müdafiə
naziri Əziz Nəsirzadə, kəşfiyyat naziri İsmayıl Xətib, Ali Milli
Təhlükəsizlik Şurasının katibi Əli Laricani, Bəsic Təşkilatının
komandiri Qulamreza Süleymani və başqaları hərbi hava hücumları
zamanı ölüblər.
1-5 mart tarixlərində qarşıdurma daha da genişlənərək Yaxın
Şərqin müxtəlif ölkələrini əhatə edib.
Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz
nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında
təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri
kəskin artıb və bir sıra ölkələr vətəndaşlarını regionu tərk etməyə
çağırıb.

