
Xankəndi. Trend:
“NomadMania” klubunun təsisçisi Harry Mitsidisin rəhbərlik
etdiyi beynəlxalq səyyahlar Qarabağ və Şərqi Zəngəzura səfər
çərçivəsində Xankəndi şəhərinə gəliblər.
Trend-in
Qarabağ bürosunun xəbərinə görə, səyyahlara şəhərlə bağlı ətraflı
məlumat verilib.
Qeyd edək ki, “NomadMania” klubunun təsisçisi və rəhbəri, yunan
əsilli Böyük Britaniya vətəndaşı Harry Mitsidis-in başçılığı ilə
beynəlxalq səyahətçilərin Qarabağ və Şərqi Zəngəzura növbəti səfəri
başlayıb.
Qonaqlar səfərə Ağdam rayonunun işğaldan azad edilmiş
ərazilərindən daxil olublar. Səfər çərçivəsində bu gün Ağdam və
Şuşa şəhərlərinə baş çəkilməsi planlaşdırılır. Sabah isə heyət
Laçın şəhərində olacaq, daha sonra Zəngilan və Füzuli rayonlarına
səfər edəcək.
Heyət 37 ölkədən olan 79 nəfərdən ibarətdir. Bu, indiyədək
Qarabağ və Şərqi Zəngəzura səfər edən beynəlxalq səyahətçilər
arasında say baxımından ən böyük qrup hesab olunur.
NomadMania Yer kürəsini 1301 bölgəyə bölərək xüsusi reytinq
sistemi müəyyən edib. Klubun rəhbəri Harry Mitsidis bu bölgələrin
hamısında səfərdə olmaqla hazırda dünya üzrə birinci yerdə
qərarlaşıb. Qeyd edək ki, “NomadMania” illik toplantısını da ilk
dəfə Azərbaycanda keçirib.
Bu səfər işğaldan azad edilmiş ərazilərin “black tourism”
çərçivəsində tanıdılması, eləcə də aparılan genişmiqyaslı quruculuq
və bərpa işləri ilə tanışlıq baxımından xüsusi əhəmiyyət
daşıyır.
Ümumilikdə, dünyanın aparıcı səyyah klubları vasitəsilə
2020–2025-ci illər ərzində Qarabağ və Şərqi Zəngəzura 15 dəfə
beynəlxalq səfərlər təşkil olunub. Hazırkı səfər isə sayca
16-cıdır.

