
Bakı. Trend:
Beynəlxalq alimlər qrupu MIND pəhrizinə riayət zamanı beynin
daha gec qocaldığını müəyyən edib.
Trend xəbər verir
ki, tədqiqatın nəticələri “Journal of Neurology Neurosurgery &
Psychiatry” (JNNP)elmi jurnalında dərc olunub.
Araşdırmada orta və yaşlı yaş qrupuna aid 1647 nəfər iştirak
edib. Təxminən 12 il ərzində alimlər onların qidalanma rasionunu və
MRT vasitəsilə beyin strukturunda baş verən dəyişiklikləri
izləyiblər. Məlum olub ki, qidalanması MIND pəhrizinə daha yaxın
olan iştirakçılar zamanla daha az beyin toxuması itiriblər.
Ən güclü təsir yaddaş, düşünmə və qərarverməyə cavabdeh olan boz
maddələrdə müşahidə edilib. Bundan əlavə, belə şəxslərdə beynin
atrofiya göstəricilərindən biri sayılan mədəciklərin
(ventrikulların) genişlənməsi daha az olub.
Tədqiqatçıların qiymətləndirməsinə görə, pəhrizə riayət
səviyyəsi fərqli olan iştirakçıların beyin vəziyyəti arasındakı
fərq təxminən 2,5 illik qocalmaya bərabərdir.
MIND pəhrizi Aralıq dənizi pəhrizi və arterial təzyiqin
azaldılmasına yönəlmiş DASH pəhrizinin prinsiplərini birləşdirir.
Bu pəhriz tərəvəzlərin, giləmeyvələrin, qoz-fındığın, bütöv
taxılların, balıq və quş ətinin yüksək miqdarda qəbulunu, eləcə də
qırmızı ətin, qızardılmış qidaların və doymuş yağlarla zəngin
məhsulların məhdudlaşdırılmasını nəzərdə tutur.

