Azərbaycanın xüsusi xidmət orqanları ən mürəkkəb çağırışlara cavab verən peşəkar və güclü quruma çevrilib – Azər Qarayev

Baş səhifə

Bakı. Trend:

Hər il martın 28-də Azərbaycanın təhlükəsizlik və kəşfiyyat
orqanlarının əməkdaşları peşə bayramlarını böyük qürur hissi ilə
qeyd edirlər. Bu tarix təkcə bir qurumun yaranma günü deyil, həm də
Azərbaycan dövlətçiliyinin ən mühüm dayaqlarından birinin
formalaşmasının rəmzidir. Dövlətin təhlükəsizliyi, milli maraqların
qorunması, daxili sabitliyin təmin olunması və xarici təhdidlərə
qarşı mübarizə bu qurumların əsas missiyasıdır. Bu gün Azərbaycanın
xüsusi xidmət orqanları müasir dünyanın ən mürəkkəb çağırışlarına
cavab verən peşəkar və güclü bir quruma çevrilib.

Bunu Trend
açıqlamasında politoloq Azər Qarayev deyib.

“Azərbaycan təhlükəsizlik orqanlarının yaranma tarixi 1919-cu il
martın 28-nə gedib çıxır. Həmin dövrdə fəaliyyət göstərən
Azərbaycan Xalq Cümhuriyyəti milli təhlükəsizliyin təmin
olunmasının nə qədər vacib olduğunu yaxşı anlayırdı. Dövlətin yeni
qurulduğu, daxili və xarici təhdidlərin çox olduğu bir şəraitdə
kəşfiyyat və əks-kəşfiyyat xidmətinin yaradılması strateji zərurət
idi.

Bu qurumun yaradılması Azərbaycan dövlətçiliyinin nə qədər
uzaqgörən siyasətə əsaslandığını göstərirdi. Çünki müstəqil dövlət
üçün yalnız ordu və diplomatiya kifayət etmir, eyni zamanda
təhlükəsizlik sisteminin möhkəm olması da vacibdir. Məhz həmin
dövrdə formalaşdırılan təhlükəsizlik strukturları sonrakı
mərhələlərdə də ölkənin müdafiə və təhlükəsizlik sisteminin əsasını
təşkil etdi”, – o bildirib.

Politoloqun sözlərinə görə, 1920-ci ildə Azərbaycanın
müstəqilliyini itirməsi ilə təhlükəsizlik orqanlarının fəaliyyəti
də dəyişdi:

“Quruluş SSRİ sisteminə daxil edildi və əsas vəzifəsi sovet
rejiminin qorunması oldu. Bu dövr Azərbaycan xalqı üçün çətin və
mürəkkəb bir mərhələ idi. Milli maraqların qorunması deyil, daha
çox ideoloji nəzarət və sovet sisteminə uyğun fəaliyyət prioritet
sayılırdı. Buna baxmayaraq, həmin dövrdə təhlükəsizlik sistemində
çalışan azərbaycanlı kadrlar peşəkarlıq məktəbinin formalaşmasına
mühüm töhfə verdilər. Bu təcrübə sonrakı mərhələdə – müstəqillik
dövründə – müasir milli təhlükəsizlik sisteminin qurulmasına əsas
rol oynadı”.

“Azərbaycan təhlükəsizlik orqanlarının tarixində ən mühüm
mərhələlərdən biri Ulu Öndər Heydər Əliyev ilə bağlıdır. O,
təhlükəsizlik sistemində çalışdığı illərdə milli maraqlara
əsaslanan yeni yanaşma formalaşdırdı. 1967-ci ildə təhlükəsizlik
orqanlarına rəhbər təyin olunan Heydər Əliyev bu sahədə köklü
islahatlara başladı. Onun əsas məqsədi təhlükəsizlik sisteminin
milliləşdirilməsi və yerli kadrların irəli çəkilməsi idi. O dövrdə
yüksək vəzifələrdə azərbaycanlıların azlıq təşkil etməsi ciddi
problem idi. Ümumilli Lider Heydər Əliyevin rəhbərliyi ilə bu
stereotip dəyişdi və milli kadrların sayında ciddi artım baş verdi.
Bu siyasət yalnız kadr dəyişikliyi ilə məhdudlaşmadı. O,
təhlükəsizlik orqanlarının fəaliyyətini daha peşəkar və sistemli
şəkildə təşkil etdi. Kadrların hazırlığı, intizamın
gücləndirilməsi, operativ fəaliyyətin təkmilləşdirilməsi və milli
maraqların qorunması onun siyasətinin əsas istiqamətlərindən biri
oldu”, – o bildirib.

A.Qarayev qeyd edib ki, 1991-ci ildə Azərbaycan yenidən
müstəqilliyini bərpa etdikdən sonra ölkənin qarşısında ən mühüm
vəzifələrdən biri milli təhlükəsizlik sisteminin yenidən qurulması
idi.

“Dövlət yeni qurulmuşdu, regionda münaqişələr davam edirdi,
daxili siyasi sabitlik tam təmin olunmamışdı. Belə bir şəraitdə
güclü təhlükəsizlik sisteminin yaradılması həyati əhəmiyyət
daşıyırdı. Ümumilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından
sonra təhlükəsizlik sahəsində sistemli islahatlar başladı. Dövlət
təhlükəsizliyi strukturları müasir dövrün tələblərinə uyğun şəkildə
formalaşdırıldı. Bu dövrdə təhlükəsizlik sisteminin əsas
prioritetləri dövlət müstəqilliyinin qorunması, daxili sabitliyin
təmin edilməsi və xarici təhdidlərin qarşısının alınması oldu”, – o
bildirib.

Onun sözlərinə görə, məhz Ulu Öndər Heydər Əliyevin təşəbbüsü
ilə 1998-ci ildə təhlükəsizlik orqanları üçün peşəkar kadrların
hazırlanmasını təmin edən Dövlət Təhlükəsizliyi Akademiyası
yaradıldı.

“Akademiyanın yaradılması milli təhlükəsizlik sisteminin daha da
möhkəmləndirilməsi və yerli, peşəkar kadrların yetişdirilməsi
baxımından mühüm addım oldu. Bu təhsil ocağında müasir biliklərə
malik, yüksək hazırlıqlı zabitlər hazırlanır və onlar dövlət
təhlükəsizliyinin qorunması istiqamətində məsul vəzifələrdə
fəaliyyət göstərirlər. Bu gün Akademiyanın məzunları Dövlət
Təhlükəsizliyi Xidmətinin müxtəlif strukturlarında çalışaraq
ölkənin təhlükəsizliyinin möhkəmləndirilməsinə mühüm töhfə
verirlər. Bu isə Ümumilli Lider Heydər Əliyevin təhlükəsizlik
sahəsində həyata keçirdiyi uzaqgörən siyasətin real nəticələrindən
biridir”, – o bildirib.

Politoloq vurğulayıb ki, Azərbaycan təhlükəsizlik orqanlarının
inkişafında yeni mərhələ Prezident İlham Əliyev dövrü ilə bağlıdır.
Bu dövrdə təhlükəsizlik sistemi tamamilə müasir tələblərə uyğun
şəkildə yenidən quruldu.




“2015-ci ildə aparılan islahatlar təhlükəsizlik sahəsində mühüm
dönüş nöqtəsi oldu. Həmin islahatlar nəticəsində Dövlət
Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradıldı. Bu
addım təhlükəsizlik sisteminin daha çevik və effektiv fəaliyyət
göstərməsinə imkan yaratdı. Yeni qurumlar müasir texnologiyalarla
təchiz edildi, kadrların peşə hazırlığı gücləndirildi, beynəlxalq
əməkdaşlıq genişləndirildi. Azərbaycanın təhlükəsizlik sistemi bu
gün regionun ən güclü və peşəkar strukturlarından biri hesab
olunur”, – o bildirib.

Onun sözlərinə görə, 2020-ci ildə baş verən İkinci Qarabağ
müharibəsi Azərbaycan təhlükəsizlik orqanlarının gücünü və
peşəkarlığını bir daha nümayiş etdirdi. Müharibə təkcə hərbi güclə
deyil, həm də kəşfiyyat və informasiya üstünlüyü ilə qazanıldı.

“Təhlükəsizlik orqanları düşmənin planlarının əvvəlcədən müəyyən
edilməsi, operativ məlumatların toplanması və hərbi rəhbərliyə
çatdırılması istiqamətində mühüm rol oynadı. Müasir
texnologiyaların tətbiqi, informasiya təhlükəsizliyinin qorunması
və dezinformasiyaya qarşı mübarizə bu qurumların fəaliyyətinin əsas
istiqamətlərindən biri oldu. Məhz bu fəaliyyət nəticəsində
Azərbaycan ordusu müharibə zamanı daha effektiv və dəqiq
əməliyyatlar həyata keçirdi. Kəşfiyyat məlumatlarının düzgün və
operativ şəkildə təqdim olunması müharibənin taleyinə birbaşa təsir
göstərdi”, – politoloq bildirib.

A.Qarayev qeyd edib ki, Vətən müharibəsindən sonra təhlükəsizlik
orqanlarının fəaliyyəti daha da gücləndi.

“İşğaldan azad edilmiş ərazilərdə təhlükəsizliyin təmin
olunması, qanunsuz silahlı dəstələrin zərərsizləşdirilməsi və
dövlət nəzarətinin bərpası bu qurumların əsas vəzifələrindən biri
oldu. Təhlükəsizlik orqanları separatçı fəaliyyətlərin qarşısının
alınmasında, terror təhlükəsinin aradan qaldırılmasında və regionda
sabitliyin təmin olunmasında mühüm rol oynadı. Azərbaycanın
suverenliyinin tam bərpa olunmasından sonra təhlükəsizlik
sisteminin qarşısında yeni və daha məsuliyyətli vəzifələr meydana
çıxdı”, – A.Qarayev bildirib.

Politoloq vurğulayıb ki, bugünkü dünyada təhlükəsizlik anlayışı
əvvəlki illərlə müqayisədə daha geniş məna daşıyır.

“Artıq təhlükə yalnız hərbi sahə ilə məhdudlaşmır. İnformasiya
müharibəsi, kibertəhlükəsizlik, transmilli cinayətkarlıq, terrorizm
və digər risklər dövlətlərin qarşısında yeni problemlər yaradır.
Azərbaycan təhlükəsizlik orqanları da bu çağırışlara uyğun şəkildə
fəaliyyət göstərir. Kibertəhlükəsizlik sahəsində görülən tədbirlər,
beynəlxalq əməkdaşlığın genişləndirilməsi, terrorizmlə mübarizə
sahəsində aparılan əməliyyatlar bu qurumların müasir tələblərə
uyğun fəaliyyət göstərdiyini sübut edir. Azərbaycanın geosiyasi
mövqeyi və strateji əhəmiyyəti ölkənin təhlükəsizlik sisteminin də
rolunu artırır. Bu gün Azərbaycanın xüsusi xidmət orqanları bir çox
ölkələrin təhlükəsizlik qurumları ilə sıx əməkdaşlıq edir. Bu
əməkdaşlıq regional sabitliyin qorunmasına və qlobal təhlükəsizlik
məsələlərinin həllinə də töhfə verir”, – o bildirib.

Onun sözlərinə görə, beynəlxalq forumlar, konfranslar və birgə
əməliyyatlar Azərbaycanın təhlükəsizlik sisteminin dünya miqyasında
nüfuz qazandığını göstərir. Bu isə həm ölkənin siyasi nüfuzunun,
həm də təhlükəsizlik sisteminin gücləndiyini sübut edir

“Təhlükəsizlik orqanlarının fəaliyyəti adətən göz önündə olmur.
Onların gördüyü işlərin böyük hissəsi gizli xarakter daşıyır. Lakin
məhz bu fəaliyyət nəticəsində ölkədə sabitlik qorunur, dövlətin
təhlükəsizliyi təmin olunur və xalqın təhlükəsizliyi müdafiə
edilir. Bu qurumların əməkdaşları bəzən həyatlarını riskə ataraq
dövlətin maraqlarını qoruyurlar. Onların fəaliyyəti dövlətin
möhkəmliyinin əsas dayaqlarından biridir. Azərbaycanın
təhlükəsizlik sistemi bu gün güclü, müasir və peşəkar bir struktura
çevrilib”, – politoloq bildirib.

A.Qarayev qeyd edib ki, martın 28-i təkcə bir peşə bayramı
deyil, həm də Azərbaycanın dövlətçilik tarixinin mühüm bir
səhifəsidir.

“107 illik yol göstərir ki, təhlükəsizlik orqanları ölkənin
müstəqilliyinin və sabitliyinin əsas dayaqlarından biridir.
Ümumilli Lider Heydər Əliyevin yaratdığı möhkəm təməl, Prezident
İlham Əliyevin həyata keçirdiyi modernləşdirmə siyasəti və Vətən
müharibəsində qazanılan tarixi qələbə bu qurumların gücünü və
əhəmiyyətini bir daha sübut edir. Bu gün Azərbaycanın xüsusi xidmət
orqanlarının əməkdaşları peşə bayramlarını qürur hissi ilə qeyd
edirlər. Onlar müasir çağırışlara uyğun şəkildə fəaliyyət
göstərərək dövlətin təhlükəsizliyini qoruyur, xalqın rifahı və
sabitliyi naminə xidmətlərini uğurla davam etdirirlər. Azərbaycanın
təhlükəsizlik sistemi bundan sonra da ölkənin güclənməsində və
milli maraqların qorunmasında əsas rol oynamaqda davam edəcək”, –
politoloq əlavə edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir