
Bakı. Trend:
Azərbaycan–Türkiyə Birgə Media Platforması çərçivəsində iki
ölkənin mediasının əlaqəli fəaliyyətinin qarşıdakı dövrdə daha
inkişaf etdirilməsi planlaşdırılır.
Trend xəbər
verir ki, bunu Medianın İnkişafı Agentliyinin İcraçı direktoru
Əhməd İsmayılov bu gün İstanbulda keçirilən Beynəlxalq Strateji
Kommunikasiya Zirvəsi (“Stratcom Summit 2026”) çərçivəsində baş
tutan “Rəqəmsal kommunikasiya ekosistemində qlobal ictimai rəyin
transformasiyası” adlı panel sessiyada çıxışı zamanı deyib.
Ə.İsmayılov xatırladıb ki, Medianın İnkişafı Agentliyi və bir
sıra xarici ölkələrin aidiyyəti qurumları arasında əməkdaşlığa dair
ikitərəfli sənədlər mövcuddur. Bu sənədlər çərçivəsində milli
maraqların birgə təşviqi və qorunmasına yönəlmiş ikitərəfli
əməkdaşlıq mexanizmlərinin formalaşdırılması, media sahəsində
qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi, birgə layihələrin həyata
keçirilməsi və təcrübə mübadiləsinin genişləndirilməsi nəzərdə
tutulur:
“Bu əməkdaşlıqlar çərçivəsində Azərbaycan–Türkiyə Birgə Media
Platformasını xüsusi vurğulamaq istəyirəm. İki ölkənin mediasının
əlaqəli şəkildə, səmərəli fəaliyyət göstərməsini nəzərdə tutan
Platforma çərçivəsində müvafiq işlər görülüb, bu prosesin qarşıdakı
dövrdə daha geniş şəkildə inkişaf etdirilməsi planlaşdırılır”.
İcraçı direktor qeyd edib ki, türk dünyasında çoxtərəfli
əməkdaşlıq çərçivəsində prioritet istiqamətlərdən biri kimi
informasiya təhlükəsizliyi məsələsi xüsusi əhəmiyyət kəsb edir.
“Bu sahədə əlaqələndirilmiş fəaliyyətin gücləndirilməsi isə
ümumi informasiya məkanının dayanıqlılığının və etibarlılığının
təmin olunmasına mühüm töhfə verir”, – deyə o qeyd edib.

