
Bakı. Trend:
Böyük Britaniya hökuməti Ukraynanın hava hücumundan müdafiə
imkanlarını gücləndirmək məqsədilə təcili olaraq əlavə 100 milyon
funt sterlinq (115 milyon avro) vəsait ayırdığını açıqlayıb.
Trend xəbər verir ki, bu
barədə Britaniya hökumətinin rəsmi bəyanatında qeyd olunub.
Açıqlamada Britaniyanın müdafiə naziri Con Hilinin sözlərinə
istinad edilərək bildirilib ki, bu vəsait Ukraynanın mülki
əhalisini, şəhərlərini və mühüm infrastrukturunu Rusiyanın davamlı
hücumlarından qorumaq üçün hava hücumundan müdafiə sistemləri ilə
təmin olunmasına xidmət edəcək.
Qeyd olunan yardım paketi də daxil olmaqla, Böyük Britaniya son
iki ay ərzində Ukraynanın HHM imkanlarının dəstəklənməsi üçün
ümumilikdə 600 milyon funt sterlinq (691 milyon avro) vəsait
ayırıb.

