Bakı. Trend:
Azərbaycan təhlükəsizlik orqanlarının yaradılmasının 107-ci
ildönümü tamam olur. Bu əlamətdar tarix öz başlanğıcını Azərbaycan
Xalq Cümhuriyyətində dövlət təhlükəsizliyinin təmin olunması
məqsədilə 1919-cu il martın 28-də “Kəşfiyyat və əks-kəşfiyyat
bölməsi”nin yaradılmasından götürür.
Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 1997-ci il 23 mart
tarixli Sərəncamına əsasən, hər il martın 28-i təhlükəsizlik
orqanları əməkdaşlarının peşə bayramı kimi qeyd olunur.
Trend
Azərbaycan təhlükəsizlik orqanlarının yaranma tarixinə və keçdiyi
yola qısaca nəzər salır.
1919-cu il martın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin hərbi
naziri Səməd bəy Mehmandarovun əmri ilə Hərbi Nazirliyin Baş
Qərargahı nəzdində “Kəşfiyyat və əks-kəşfiyyat bölməsi” yaradılıb.
Qurumun ilk rəhbəri Məmmədbağır Şeyxzamanlı, sonra isə onun qardaşı
Nağı Şeyxzamanlı olub.
Sovet dövründə qurum əvvəlcə Fövqəladə Komissiya (ÇK), sonra
Dövlət Siyasi İdarəsi adlanıb, bir müddət Daxili İşlər Xalq
Komissarlığının (NKVD) tərkibində fəaliyyət göstərib, daha sonra
Dövlət Təhlükəsizlik Komitəsi təşkil olunub. Yetmiş illik sovet
hakimiyyəti dövründə respublikamızda fəaliyyət göstərən dövlət
təhlükəsizliyi orqanının vəzifəsi əsasən mövcud quruluşu qorumaq,
sovet ideologiyasına zidd düşüncə tərzinin yayılmasının qarşısını
almaq olub.
Təhlükəsizlik orqanlarının milliləşməsi Ulu Öndər Heydər
Əliyevin adı ilə bağlıdır

Xüsusi xidmət orqanında milli kadrların yüksək vəzifə tutmasına
uzun müddət imkan verilmirdi. Bu stereotip yalnız Ulu Öndər Heydər
Əliyev Azərbaycan təhlükəsizlik orqanına rəhbər təyin olunduqdan
sonra dəyişdi. Gənc yaşlarından yüksək intellekti, təşkilatçılıq və
idarəçilik bacarığı, fitri kəşfiyyatçı istedadı ilə böyük nüfuz və
etimad qazanan Heydər Əliyev bu mühüm dövlət orqanında milli
kadrların sayının artırılmasına, onların irəli çəkilməsinə, eyni
zamanda, azərbaycançılıq ruhunun bərqərar edilməsinə nail oldu.
Ulu Öndərin 1967-ci ildə Dövlət Təhlükəsizlik Komitəsinin sədri
təyin edilməsi ilə Azərbaycanın təhlükəsizlik orqanlarının
tarixində tamamilə yeni mərhələ başlandı. Ömrünün 25 ilini
təhlükəsizlik orqanlarında fəaliyyətə həsr etmiş Ümummilli Lider
Heydər Əliyev o illər ərzində təhlükəsizlik sistemində əsaslı dönüş
yaradıb, milliləşdirmə siyasətinin əsasını qoyub və bu məqsədə nail
olub. Bu siyasət sonralar müstəqil Azərbaycanda sabitliyin bərqərar
olmasında müstəsna rol oynayıb.
Dahi şəxsiyyətin təhlükəsizlik təşkilatında əsasını qoyduğu
peşəkarlıq məktəbi və vətənpərvərlik irsi bu gün də Ulu Öndərin
adını daşıyan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev
adına Akademiyasının kursantları – gələcəyin təhlükəsizlik
əməkdaşları tərəfindən dərindən mənimsənilir.

Ümummilli Lider Heydər Əliyevin xüsusi xidmət orqanlarının
səmərəli fəaliyyəti üçün müəyyənləşdirdiyi meyarlar DTX-nin şəxsi
heyəti tərəfindən daim rəhbər tutulur.
Dövlət təhlükəsizliyi orqanları yeni dövrdə

Dövlət təhlükəsizliyi sahəsində ciddi keyfiyyət dəyişikliklərinə
nail olunması Prezident İlham Əliyevin də daim diqqət
mərkəzindədir. Dövlətimizin başçısı təhlükəsizlik məsələsinə hər
zaman kompleks və sistemli yanaşıb, bu məqsədlə əsaslı struktur
islahatları aparılıb. Bu islahatlar sayəsində təhlükəsizlik
orqanlarının fəaliyyəti yeni müstəviyə qalxıb. Azərbaycan
Prezidentinin 2015-ci il 14 dekabr tarixli Fərmanı ilə Milli
Təhlükəsizlik Nazirliyinin ləğv olunaraq onun əsasında Dövlət
Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin
yaradılması xüsusi xidmət orqanlarının fəaliyyətinin səmərəliliyini
artırmağa, bu fəaliyyəti yeni dövrün tələblərinə uyğunlaşdırmağa və
dövlət idarəetmə strukturunu təkmilləşdirməyə yönəlib. Bu
islahatlar antiterror koalisiyasının fəal üzvlərindən olan
Azərbaycanda sabitliyin təmin edilməsinə, ölkəmizə qarşı yönələn
terror-təxribat, kəşfiyyat-pozuculuq əməlləri ilə mübarizə
tədbirlərinin daha da gücləndirilməsinə geniş imkanlar açıb.
Təsadüfi deyil ki, son illərdə terrorçuluq fəaliyyəti ilə məşğul
olan onlarla silahlı dəstə zərərsizləşdirilib. Transmilli
mütəşəkkil cinayətkarlıqla mübarizə sahəsində də ciddi nailiyyətlər
qazanılıb. Ölkə ərazisindən tranzit daşınması planlaşdırılan
tonlarla narkotik vasitələrin qaçaqmalçılığının qarşısı alınıb,
kibertəhlükəsizliyin təmin olunması istiqamətində bir sıra uğurlu
əməliyyatlar həyata keçirilib.
Azərbaycan dövlətinin təhlükəsizlik orqanlarına göstərdiyi
yüksək diqqət və qayğı ölkəmizin suverenliyinin və ərazi
bütövlüyünün qorunmasına, xalqımızın təhlükəsizliyinin daha
etibarlı müdafiəsinə xidmət edir.
Hazırda təhlükəsizlik orqanlarına əməliyyat-xidməti
fəaliyyətlərini daha səmərəli və peşəkar şəkildə həyata keçirə
bilmələri üçün hərtərəfli şərait yaradılır, yeni inzibati binalar
tikilərək istifadəyə verilir, maddi-texniki təchizat davamlı
təkmilləşdirilir, şəxsi heyətin sosial təminatı gücləndirilir.
Bütün bunlar Prezident, Ali Baş Komandan İlham Əliyevin Azərbaycan
təhlükəsizlik orqanlarına qayğısının əyani təzahürüdür.
Paytaxtımızda keçirilən beynəlxalq təhlükəsizlik
tədbirləri ümumi təhlükəsizlik sisteminə təhdid hesab olunan
hallarla mübarizəyə töhfə verir


Qlobal təhdidlərə qarşı birgə fəaliyyətin təşviqi məqsədilə
2023-cü ildə təsis olunmuş və ardıcıl olaraq hər il təşkil edilən
Bakı Təhlükəsizlik Forumu beynəlxalq təhlükəsizliyin qorunub
saxlanılmasında mühüm rolu olan müxtəlif dövlətlərin kəşfiyyat və
təhlükəsizlik orqanlarını vahid platformada cəmləşdirməklə yanaşı,
bu təsisatlar arasında konstruktiv dialoq, qarşılıqlı anlayış və
faydalı əməkdaşlıq məkanına çevrilib.

Dünya ölkələrinin xüsusi xidmət orqanlarının nümayəndə
heyətlərinin təmsil olunduğu, beynəlxalq təhlükəsizlik
məsələlərinin geniş müzakirə edildiyi, qlobal təhlükəsizlik
mühitinin üzləşdiyi müasir çağırış və təhdidlərlə effektiv
mübarizənin aparılması, beynəlxalq təhlükəsizlik sisteminin mənfi
təzahürlərdən qorunması sahəsində vahid yanaşmaların formalaşması
və səylərin birləşdirilməsi üçün qarşılıqlı fikir mübadilələrinin
edildiyi Bakı Təhlükəsizlik Forumu beynəlxalq təhlükəsizlik tədbiri
olaraq, müxtəlif siyasi mövqelərə malik ölkələrin bir araya gələrək
fikir ayrılıqlarını, regional və beynəlxalq münaqişələri qarşılıqlı
anlayış əsasında müzakirə etmələrinə əlverişli şərait yaradan
platformadır.
İtkin düşmüş şəxslər mövzusu da daim diqqət mərkəzində
saxlanılıb


Prezident İlham Əliyevin daim xüsusi nəzarətdə saxladığı itkin
vətəndaşlarımızın taleyinin aydınlaşdırılması məsələsi ilə əlaqədar
müntəzəm olaraq hər il Bakı şəhərində Azərbaycan Respublikası Əsir
və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət
Komissiyasının təşkilatçılığı ilə itkin düşmüş şəxslər mövzusunda
beynəlxalq konfrans təşkil edilir. Bu tədbirlərin keçirilməsi itkin
düşmüş şəxslər probleminin həlli istiqamətində səylərin
birləşdirilməsində və əməkdaşlığın genişləndirilməsində vacib rol
oynayır.

Milli maraqlarımıza yönələn təhdidlərin qarşısı
qətiyyətlə alınır

Bu gün peşə bayramlarını böyük ruh yüksəkliyi ilə qeyd edən
Azərbaycan dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarının
əməkdaşları fəaliyyətlərini müasir çağırışlara uyğun şəkildə
quraraq, xalqımızı və müstəqil dövlətimizi xarici qəsdlərdən və
düşmən qüvvələrin təxribatlarından qətiyyətlə qoruyurlar. Eləcə də
milli təhlükəsizliyin təmin edilməsində, xarici xüsusi xidmət
orqanlarının kəşfiyyat-pozuculuq fəaliyyətinin qarşısının
alınmasında, beynəlxalq terrorçuluğa, transmilli mütəşəkkil
cinayətkarlığa, dini ekstremizmə, kibercinayətkarlığa qarşı
mübarizədə vətənpərvərlik nümunələri göstərirlər.

Əminliklə demək olar ki, xalqımızın milli maraqlarına yönələn
bütün təhdid və təxribatların qarşısı Prezident, Müzəffər Ali Baş
Komandan İlham Əliyevin rəhbərliyi ilə təhlükəsizlik orqanlarının
şəxsi heyəti tərəfindən qətiyyətlə alınır və bundan sonra da
alınacaq, ölkəmizdə davamlı sabitlik və əmin-amanlıq təmin
ediləcək.

Bu il də peşə bayramlarını böyük şövqlə qeyd edən Azərbaycanın
təhlükəsizlik orqanlarının əməkdaşlarını bu əlamətdar gün
münasibətilə təbrik edir, çətin və şərəfli xidmətlərində yeni-yeni
uğurlar arzulayırıq!

