
Bakı. Trend:
Bakı Şəhər İcra Hakimiyyətində şəhərin kommunal xidmətlərinin
rəhbərlərinin iştirakı ilə növbəti müşavirə keçirilib.
Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən Trend-ə verilən məlumata
görə, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun
sədrliyi ilə keçirilən müşavirədə üç gün ərzində yağan şiddətli
yağışların fəsadlarının aradan qaldırılması ilə bağlı görülən
işlər, onların daha da gücləndirilməsi, su basmış həyət və fərdi
evlərlə bağlı operativ tədbirlərin görülməsi məsələləri müzakirə
olunub və müvafiq tapşırıqlar verilib.
Yağışın fəsadlarının aradan qaldırılması ilə bağlı Nizami, Xəzər
və Sabunçu rayonlarında görülən işlər müsbət hesab edilib, eyni
zamanda bəzi rayonlarda yağışla bağlı tədbirlərin zəif aparıldığı
qeyd edilib. Aparılan monitoriqlərin nəticələri kimi yağışdan ən
çox zərər çəkən vaxtı ilə heç bir tikinti normalarına uyğun
olmayaraq qanunsuz tikilən gecəqondu evlərin olduğu qeyd edilib və
ərazidə yağışın fəsadlarının aradan qaldırılmasında Rayon İcra
Hakimiyyəti başçılarının şəxsi məsuliyyət daşıdığı bildirirlib.
Müşavirədə martın 30-da paytaxtda təmizliklə bağlı genişmiqyaslı
ümumşəhər daxili iməcliyin keçirilməsi qərara alınıb.
Toplantıda yağışın fəsadlarının aradan qaldırılması işlərində
şəhərin kommunal-təsərrüfat qurumları, Fövqəladə Hallar Nazirliyi,
Daxili İşlər Nazirliyi və Azərbaycan Dövlət Su Ehtiyatları
Agentliyinin birgə fəaliyyəti təqdirəlayiq hesab edilib və bu
işlərin daha da genişləndirilməsi qərara alınıb.

