
Bakı. Trend:
Çinin milli aviadaşıyıcısı “Air China” 6 illik fasilədən sonra
Pekin ilə Koreya Xalq Demokratik Respublikasının (KXDR) paytaxtı
Pxenyan arasında sərnişin təyyarəsi uçuşlarını bərpa edib.
Trend xəbər verir ki, martın
30-da yerli vaxtla səhər saat 8-də (Bakı vaxtı ilə saat 4-də)
şirkətin CA121 nömrəli reysi üzrə ilk təyyarəsi Pekinin Paytaxt
Beynəlxalq Hava Limanından yola düşüb. Təyyarənin saat 10:30-da
Pxenyana çatması gözlənilir. Geri dönüş isə günorta saatlarında baş
tutacaq. Ekonom sinif biletlərinin qiyməti təxminən 200 ABŞ
dollarıdır.
Çin ilə KXDR arasında uçuşlar 2020-ci ilin əvvəlində COVID-19
virusunun yayılmağa başladığı vaxt dayandırılıb. “Air Koryo”
şirkəti 2023-cü ildən Pxenyan-Pekin uçuşlarını bərpa edib.
Qeyd edək ki, martın 12-də iki ölkə arasında sərnişin
qatarlarının hərəkəti də 6 illik fasilədən sonra bərpa olunub.
Artıq Çinin Dandon şəhəri ilə Pxenyan arasında sərnişin qatarları
gündəlik əsasda, Pekin-Pxenyan qatarları isə həftədə 4 dəfə
fəaliyyət göstərir.

