Banklarda məsafədən hesab açılması qaydaları qüvvəyə mindi

Baş səhifə

Bakı. Trend:

Məsafədən hesabların açılması qaydası təsdiqlənib.

Trend-in
məlumatına görə, bununla bağlı Mərkəzi Bankın sədri Taleh Kazımovun
15 dekabr 2025-ci ildə imzaladığı müvafiq qərar 2026-cı il martın
30-dan qüvvəyə minib.

Belə ki, bu Qayda kredit təşkilatlarında, investisiya
şirkətlərində, poçt rabitəsinin milli operatorunda, ödəniş
təşkilatlarında (müstəsna olaraq ödəniş əməliyyatının aparılması
üçün vasitəçilik xidməti və (və ya) hesab üzrə məlumat xidməti
göstərən ödəniş təşkilatları istisna olmaqla), habelə elektron pul
təşkilatlarında (bundan sonra – nəzarət subyektləri) məsafədən
hesabların açılması qaydasını müəyyən edir.

İki və ya daha çox şəxsə məsafədən birgə hesab açıldıqda bu
Qaydanın tələbləri həmin şəxslərin hər birinə ayrı-ayrılıqda tətbiq
edilir.

Əsas anlayışlar

Bu Qaydada istifadə olunan əsas anlayışlar aşağıdakı
mənaları ifadə edir:

  • məsafədən hesabların açılması – nəzarət
    subyekti əməkdaşının və məsafədən hesabın açılması üçün müraciət
    edən şəxsin (bundan sonra – müştəri) eyni zamanda birgə fiziki
    iştirakı olmadan informasiya texnologiyaları vasitəsilə hesabların
    açılması;
  • hesab – bank və digər ödəniş hesabı, müştəri
    hesabı (depo hesabı və marja hesabı);
  • şəxsin eyniləşdirilməsi – şəkil çəkilişi,
    videoçəkiliş və ya videozəng vasitəsilə müştərinin eyniləşdirilməsi
    və verifikasiyası;
  • videozəng – nəzarət subyekti əməkdaşının və
    müştərinin iştirakı ilə real vaxtda informasiya texnologiyaları
    vasitəsilə videoqeydiyyat formatında həyata keçirilən şəxsin
    eyniləşdirilməsi;
  • şəkil çəkilişi – nəzarət subyekti əməkdaşının
    birbaşa iştirakı olmadan informasiya texnologiyaları vasitəsilə
    fotoqeydiyyat formasında həyata keçirilən şəxsin
    eyniləşdirilməsi;
  • videoçəkiliş – nəzarət subyekti əməkdaşının
    birbaşa iştirakı olmadan informasiya texnologiyaları vasitəsilə
    videoqeydiyyat formatında həyata keçirilən şəxsin
    eyniləşdirilməsi.

Bu Qaydada istifadə edilən “gücləndirilmiş elektron imza”
anlayışı “Elektron imza və elektron sənəd haqqında” Qanunla
müəyyən edilmiş mənaları ifadə edir.

Bu Qaydada istifadə olunan digər anlayışlar digər normativ
hüquqi və normativ xarakterli aktlarda müəyyənləşdirilmiş mənaları
ifadə edir.

Hesabların məsafədən açılması

Məsafədən hesab açılan zaman nəzarət subyekti tərəfindən
istifadə edilən informasiya texnologiyaları, o cümlədən informasiya
sistemi, proqram təminatı “Fərdi
məlumatlar haqqında
” Qanun və digər hüquqi aktlarla müəyyən
edilmiş tələblərə cavab verməlidir.

Fiziki şəxs olan müştərilərə münasibətdə qanuni nümayəndə
qismində valideynlər, övladlığa götürənlər və ya qəyyumlar, hüquqi
şəxs olan müştərilərə münasibətdə qanuni təmsilçi istisna olmaqla
müştəriyə digər səlahiyyətli nümayəndə vasitəsilə məsafədən hesab
açılmasına yol verilmir.

Nəzarət subyekti məsafədən açılan hesablar ilə bağlı limitlər
müəyyən etdikdə, bu barədə müştəriyə məlumat verilməli və hesab
açılarkən həmin limitlərə riayət olunmalıdır.

Nəzarət subyekti xidmət göstərdiyi şəxsin yazılı müraciəti ilə
ona məsafədən hesab açılmasını məhdudlaşdırmaq imkanı yaratmalıdır.
Müvafiq məhdudiyyət yalnız həmin şəxsin nəzarət subyektində fiziki
iştirakı ilə təqdim etdiyi yazılı müraciəti əsasında aradan
qaldırıla bilər.

Müraciətin edilməsi

Məsafədən hesab açılması üçün müştəri tərəfindən nəzarət
subyektinə elektron qaydada müraciət edilir.

Aşağıdakı abzasda nəzərdə tutulan hallar istisna olmaqla
müştərinin müraciəti əsasında nəzarət subyekti tərəfindən hesabın
açılması üçün qanunvericiliklə tələb edilən məlumat və sənədlər
nəzarət subyektinə təqdim olunmalıdır. Məlumat və sənədlər elektron
formada təqdim edildikdə məlumatlar müştərinin, sənədlər onları
tərtib etmiş şəxslərin gücləndirilmiş elektron imzası ilə
təsdiqlənmiş formada, kağız daşıyıcıda təqdim edildikdə isə əsli və
ya surəti qanunvericiliyə uyğun olaraq təsdiqlənmiş formada
olmalıdır.

Aşağıdakı hallarda müştəridən məlumat və sənədlərin nəzarət
subyektinə təqdim edilməsi tələb olunmur:

Əldə edilmiş məlumat və sənədlər əsasında nəzarət subyekti
tərəfindən MUT Qaydalarına uyğun olaraq verifikasiya tədbirləri
görülür, nəzarət subyektinin daxili qaydalarına uyğun olaraq risk
qiymətləndirilməsi həyata keçirilir. Risk qiymətləndirilməsi
nəticələrindən asılı olaraq prosesə xitam verilməsi halları nəzarət
subyektinin daxili qaydaları ilə müəyyən edilir.

Əldə edilmiş məlumat və sənədlər əsasında nəzarət subyekti
tərəfindən müştərinin fəaliyyət qabiliyyəti, səlahiyyəti və
gücləndirilmiş elektron imzası qanunvericiliyə uyğun olaraq
yoxlanılır.

Şəxsin eyniləşdirilməsi

Bu Qayda ilə müəyyən edilmiş şəxsin eyniləşdirilməsinə dair
tələblərin tətbiqi üzrə biznes proseslərinin və nəzarət
mexanizmlərinin formalaşdırılmasından öncə nəzarət subyekti
tərəfindən əməliyyat və komplayens risklərinin təhlili və onların
effektiv idarə edilməsi məqsədilə tədbirlər, o cümlədən müvafiq
təhlükəsizlik tədbirləri görülür.




Şəxsin eyniləşdirilməsindən əvvəl nəzarət subyekti tərəfindən
müştəri eyniləşdirilmənin keçirilməsi ilə bağlı qaydalarla və
müəyyən edilmiş şərtlərlə tanış edilir, habelə hesabın açılması
üçün qanuna uyğun olaraq tələb olunan fərdi məlumatların “Fərdi
məlumatlar haqqında
” Azərbaycan Respublikasının Qanununa uyğun
olaraq toplanılmasına və işlənilməsinə yazılı razılıq alınır.

Bu Qaydanın “Müraciətin edilməsi” hissəsinə uyğun olaraq,
müvafiq prosedurlardan keçən şəxsə münasibətdə şəxsin
eyniləşdirilməsi prosesinə başlanılır.

Şəxsin eyniləşdirilməsi risk əsaslı yanaşma nəzərə
alınmaqla, nəzarət subyekti tərəfindən təsdiq edilmiş daxili
qaydalar əsasında aşağıdakı üsullardan biri və ya bir neçəsinin
tətbiqi yolu ilə həyata keçirilir:

  • şəkil çəkilişi vasitəsilə eyniləşdirmə;
  • videoçəkiliş vasitəsilə eyniləşdirmə;
  • videozəng vasitəsilə eyniləşdirmə.

Nəzarət subyekti tərəfindən şəkil çəkilişi, videoçəkiliş və
ya videozəng nəticəsində müvafiq görüntülər əldə edilməlidir.
Görüntülər aşağıdakı tələblərə uyğun olmalıdır:

  • görüntü və səs keyfiyyəti azı sinxronizasiya olunmuş şəkildə
    bütün proses zamanı şəxsin eyniləşdirilməsinə və verifikasiyasına
    imkan verməlidir;
  • görüntü rəngli olmalıdır;
  • görüntüdə şəxsin üz təsviri aydın görünməli, üz təsviri açıq
    olmalı və üzərinə kölgə düşməməli, üz təsvirini örtən hər hansı
    əşya, o cümlədən eynək və ya üzüörtən hər hansı bir vasitə
    olmamalıdır;
  • görüntüdə şəxsdən başqa üçüncü şəxslər iştirak etməməli, o
    cümlədən üçüncü şəxslərin köməyindən istifadə olunmamalıdır.

Videozəng real vaxtda və fasiləsiz olaraq həyata keçirilir.

Şəxsin eyniləşdirilməsi prosesində fiziki şəxsin canlılığını
aşkarlayan üsullar istifadə edilməlidir. Canlılığın yoxlanılması
proqram təminatı vasitəsilə həyata keçirilməlidir. Şəxsin canlı
insan olduğundan əmin olmaq üçün ondan təsadüfi sıra ilə minimum 3
hərəkətin edilməsi tələb olunur. Proqram təminatı vasitəsilə şəxsin
reaksiyalarının verilmiş tapşırıqlara uyğunluğu, şəxsin üz
təsvirinin canlı dinamikası, o cümlədən onun şüurlu idarə edə
bilmədiyi təbii fizioloji reaksiyaları təhlil edilir.

Şəxsin eyniləşdirilməsi zamanı şəxsin üz təsviri onun dövlət
informasiya sistemindəki fotoşəkili ilə proqram təminatı vasitəsilə
üzləşdirilir.

Nəzarət subyektində hesabı mövcud olan müştərilər tərəfindən
həmin nəzarət subyektində məsafədən yeni hesabın açılması zamanı
şəxsin eyniləşdirilməsinin həyata keçirilməsi tələb olunmur.
Nəzarət subyekti bu qaydada hesabın açılmasını riskli hesab edərsə,
yuxarıda nəzərdə tutulan üsullardan birini və ya bir neçəsini
tətbiq edə bilər.

Şəxsin eyniləşdirilməsi zamanı nəzarət subyekti ilə müştəri
arasındakı rabitənin bütövlüyü və məxfiliyi, o cümlədən
məlumatların ötürülməsi kanallarının tam şifrələnməsi təmin
edilir.

Müqavilələrin bağlanması

Bu Qaydanın tələblərinə riayət olunduqda və məsafədən hesab
açılmasından imtina edilmədikdə müştəri ilə nəzarət subyekti
arasında hesabın açılmasına dair müvafiq müqavilə bağlanılır.

Nəzarət subyekti tərəfindən müvafiq müqavilənin layihəsi aydın
və oxunaqlı formada davamlı daşıyıcıda (məlumatın onun məqsədlərinə
uyğun müddət ərzində saxlanmasına imkan verən və saxlanılan
məlumatın dəyişiklik olmadan əks etdirilməsi mümkün olan istənilən
vasitə) müştəriyə təqdim edilir.

Müştəri ona təqdim olunmuş müqavilə layihəsi ilə tanış olur və
şərtləri ilə razı olduqda müqaviləni və digər əlaqəli sənədləri
gücləndirilmiş elektron imza ilə təsdiq edir.

Nəzarət subyekti həmin müqaviləni gücləndirilmiş elektron imza
ilə təsdiq edir və müştəriyə davamlı daşıyıcıda təqdim edir.
Nəzarət subyekti müştərinin tələbi ilə məsafədən bağlanmış
müqavilənin surətini müştərinin seçdiyi formada (kağızda və ya
digər davamlı daşıyıcıda) əlçatan etməlidir.

Aşağıdakı hallarda məsafədən hesab açılmasından imtina
edilir:

  • bu Qaydanın 1.3-cü bəndində göstərilən hüquqi aktlarda nəzərdə
    tutulmuş hallar mövcud olduqda;
  • bu Qaydanın 4.5-ci bəndinə uyğun olaraq aparılan yoxlama
    nəticəsində məsafədən hesabın açılması mümkün olmadıqda;
  • bu Qaydanın 5-ci hissəsinin tələblərinə uyğun olaraq şəxsin
    eyniləşdirilməsi mümkün olmadıqda.

Nəzarət subyekti tərəfindən hesabın məsafədən açılmasından
imtina edildikdə bu barədə müştəriyə onun təqdim etdiyi müvafiq
əlaqə vasitələri ilə (SMS məlumatlandırma, elektron poçt ünvanı və
s.) bildiriş göndərilir və bildirişdə imtinanın səbəbləri
göstərilir.

Yekun müddəalar

Məsafədən hesab açılması xidmətini göstərən nəzarət subyektinin
müşahidə (direktorlar) şurası (belə orqan olmadıqda nəzarət
subyektinin icra orqanı) tərəfindən bu xidmətlərə dair daxili
qaydalar təsdiq edilir. Şəxsin eyniləşdirilməsi prosesinin
adekvatlığının yoxlanılması ildə bir dəfədən az olmayaraq nəzarət
subyektinin daxili qaydaları ilə müəyyən edilmiş dövriliklə həyata
keçirilir.

Təhlükəsizlik pozuntularının aşkarlanması və ya baş verməsi,
aidiyyəti hüquqi aktlarda dəyişikliklərin edilməsi, nəzarət
subyektinin mümkün fırıldaqçılıq və ya digər hüquq pozuntusu
hallarından xəbərdar olması və şəxsin eyniləşdirilməsi ilə bağlı
çatışmazlıqların aşkarlanması hallarında texnoloji inkişaf və
prosesin tətbiqində qazanılan təcrübə də nəzərə alınmaqla məsafədən
hesab açılması proseslərinə yenidən baxılır, zərurət olduqda daxili
qaydalarda müvafiq dəyişikliklər edilir.

Məsafədən hesab açılması zamanı əldə olunmuş bütün məlumat və
sənədlər, o cümlədən şəxsin eyniləşdirilməsi zamanı yaradılmış
video və audio fayllar, şəkillər, loqlar qanunvericiliyə uyğun
qaydada və müddətlərdə saxlanılır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir