İranın NPT-ni tərk etməsinin vaxtı gəlib çatıb – Parlamentari

Baş səhifə

Bakı. Trend:

İranın Nüvə Silahlarının Yayılmamasına dair Sazişi (NPT) tərk
etməsinin vaxtı gəlib çatıb.

Trend-in
məlumatına görə, bunu İran parlamentinin Milli təhlükəsizlik və
xarici siyasət komitəsinin üzvü Əlaəddin Brucerdi yerli mediaya
açıqlamasında deyib.

Onun sözlərinə görə, yaranan şəraitə görə, İranın NPT-də
qalmasının artıq mənası yoxdur.

Brucerdi deyib ki, İran parlamentinin deputatlarının
əksəriyyətində artıq bu fikir formalaşıb ki, baş verən hadisələrdən
sonra İranın yüksək səviyyədə məhdudiyyətləri qəbul etməsi üçün hər
hansı səbəb yoxdur.

“İran atom bombası ardınca deyil. Lakin ölkənin həm qaydalara
riayət etməsi, həm də bombardman edilməsi bir-birinə uyğun gəlmir”,
– deyə o qeyd edib.




Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə bağlı
danışıqlarda konkret razılaşma əldə olunmadığına görə, 28 fevraldan
etibarən ABŞ və İsrail İrana hərbi hava hücumlarına başlayıb. Buna
cavab olaraq İran da həmin gündən etibarən İsrailə və ABŞ-nin
region ölkələrindəki hərbi obyektlərinə raket və dronlarla hücum
edib.

İrana hərbi hava hücumlarının ilk günündə İranın Ali Lideri
Ayətullah Seyid Əli Xamenei, bir sıra yüksək vəzifəli hərbçilər
ölüb. 8 martda İranın Ekspertlər Məclisi səsçoxluğu ilə Ayətullah
Seyid Əli Xameneinin oğlu Seyid Muctaba Xameneini İranın 3-cü Ali
Lideri seçib.

İrana hərbi hava hücumları nəticəsində İran Ordusunun Baş
Qərargah rəisi general-mayor Əbdülrəhim Musəvi, İslam İnqilabı
Keşikçilər Korpusunun (SEPAH) baş komandanı Məhəmməd Pakpur, Ali
Liderinin müşaviri və Müdafiə Şurasının katibi Əli Şəmxani, müdafiə
naziri Əziz Nəsirzadə, kəşfiyyat naziri İsmayıl Xətib, Ali Milli
Təhlükəsizlik Şurasının katibi Əli Laricani, Bəsic Təşkilatının
komandiri Qulamreza Süleymani və başqaları hərbi hava hücumları
zamanı ölüblər.

1-5 mart tarixlərində qarşıdurma daha da genişlənərək Yaxın
Şərqin müxtəlif ölkələrini əhatə edib.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz
nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında
təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri
kəskin artıb və bir sıra ölkələr vətəndaşlarını regionu tərk etməyə
çağırıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir