
Bakı. Trend:
Ötən gün vəfat edən Xalq artisti Rasim Balayev ilə vida mərasimi
keçirilir.
Trend xəbər veir ki, mərasim Azərbaycan Dövlət Akademik Milli
Dram Teatrında təşkil olunub.
Tədbirdə mərhumun ailə üzvləri, yaxınları, dostları, eləcə də
bir sıra tanınmış ictimaiyyət nümayəndələri iştirak edirlər.
Vida mərasimi başa çatdıqdan sonra görkəmli aktyorun nəşi I
Fəxri Xiyabana aparılacaq və orada torpağa tapşırılacaq.
Xatırladaq ki, Xalq artisti uzun müddət ağciyər xərçəngindən
əziyyət çəkirdi. Türkiyədə müalicə alan aktyor ötən gün səhər
İstanbulda yerləşən “Memorial” klinikasında vəfat edib.
Qeyd edək ki, “Babək”, “Nəsimi”, “Beyrək” kimi yaddaqalan
obrazları ilə tanınan aktyor 77 yaşında dünyasını dəyişib. Ömrünün
sonunadək Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri
vəzifəsində çalışan Rasim Balayev “Şöhrət”, “Şərəf” və “İstiqlal”
ordenləri ilə təltif olunub.

