
Bakı. Trend:
Yunanıstan–Bolqarıstan interkonnektorunun (IGB) operatoru olan
ICGB şirkəti, Yunanıstanın (DESFA), Bolqarıstanın (Bulgartransgaz),
Rumıniyanın (Transgaz), Moldovanın (Vestmoldtransgaz) və Ukraynanın
(Gas TSO of Ukraine) qaz nəqliyyatı sistemi operatorları ilə
tərəfdaşlıq çərçivəsində, Avropa Komissiyasının koordinasiyası ilə
Transbalkan marşrutu üzrə vahid kommersiya mexanizmi
razılaşdırıb.
Trend bu barədə
ICGB-yə istinadən məlumat yayıb.
Şirkətdən bildirilib ki, bu qərar Avropa İttifaqı (Aİ)
normalarına uyğun, davamlı və uzlaşdırılmış modelin
formalaşdırılması istiqamətində mühüm addımdır və marşrut boyunca
harmonizasiya olunmuş, şəffaf tarif yanaşmasını nəzərdə tutur.
“Bu, Cənub-Şərqi və Mərkəzi Avropa ölkələrində qazın təhlükəsiz
və rəqabətədavamlı təchizatının təmin edilməsi üçün əsas marşrut
kimi Şaquli dəhlizin rolunu gücləndirir”, — deyə ICGB-nin
məlumatında qeyd olunur.
Məlumata görə, 2026-cı ilin oktyabrından etibarən qaz nəqliyyat
sisteminin operatorları Transbalkan dəhlizi boyunca bütün qoşulma
nöqtələrində rəqabətədavamlı tariflərlə illik, rüblük, aylıq və
gündəlik güc məhsulları təklif edəcəklər. Bunun marşrutun
kommersiya cəlbediciliyini, bazarların inteqrasiyası səviyyəsini və
müvafiq ölkələrdə likvidliyi əhəmiyyətli dərəcədə artıracağı
gözlənilir.
Keçid dövrü üçün operatorlar mövcud güc məhsullarının qüvvədə
olma müddətinin 2026-cı ilin oktyabrınadək uzadılması xahişi ilə
milli tənzimləyicilərə müraciət ediblər ki, bu da Ukraynaya qaz
tədarükünün fasiləsizliyini təmin etməyə imkan verəcək.
Qeyd edək ki, Transbalkan dəhlizi Yunanıstanı, Bolqarıstanı,
Rumıniyanı, Moldovanı və Ukraynanı birləşdirən regional qaz nəqli
marşrutudur və Aİ tərəfindən dəstəklənən “Şaquli qaz dəhlizi”
təşəbbüsünün tərkib hissəsidir. Bu marşrut, xüsusilə
mayeləşdirilmiş təbii qaz (LNG) və Xəzər qazı hesabına tədarük
mənbələrinin şaxələndirilməsində, eləcə də Cənub-Şərqi və Mərkəzi
Avropada enerji təhlükəsizliyinin və bazar inteqrasiyasının
gücləndirilməsində getdikcə daha mühüm rol oynayır.

