
Bakı. Trend:
Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) 2026-cı ilin
“QS sahələr üzrə dünyanın ən yaxşı universitetlərinin reytinqi”ndə
ilk dəfə yer alaraq mühüm uğura imza atıb. Universitet bu nüfuzlu
beynəlxalq reytinqdə 1 sahə üzrə təmsil olunub.
AzMİU-nun əldə etdiyi diqqətçəkən nəticə isə Dizayn sahəsi
üzrədir. Belə ki, universitet bu istiqamətdə reytinqə daxil olan
ölkə üzrə yeganə ali təhsil müəssisəsi kimi çıxış edir. Bu
göstərici AzMİU-nun dizayn təhsili sahəsində formalaşdırdığı güclü
akademik baza, yaradıcı yanaşma və müasir tədris mühitinin
beynəlxalq səviyyədə tanındığını təsdiqləyir.
Ümumilikdə, 2026-cı ilin “QS sahələr üzrə dünyanın ən yaxşı
universitetlərinin reytinqi”ndə ilk dəfə Azərbaycanın 7
universiteti 22 sahə üzrə təmsil olunub. Cari ildə reytinqə daxil
olan universitetlərin sayı təxminən 2 dəfə, təmsil olunan sahələrin
sayı isə 4 dəfə artıb. Azərbaycan universitetlərinin nəticələrində
müşahidə olunan bu müsbət dinamika ölkədə ali təhsilin
keyfiyyətinin yüksəldiyini və beynəlxalq rəqabət qabiliyyətinin
artdığını göstərir.
Qeyd edək ki, Azərbaycan bu reytinqdə təmsil olunan Cənubi
Qafqaz regionunun yeganə ölkəsidir və cari ildə əldə olunan
nəticələrin dinamikası Türkiyə, Qazaxıstan və Özbəkistan ilə
müqayisədə daha yüksəkdir.
Dünyanın 100-dən artıq ölkəsini əhatə edən və 1900-dək ali
təhsil müəssisəsinin iştirak etdiyi QS sahələr üzrə reytinqi 5
geniş sahəni və 55 ixtisas istiqamətini əhatə edir. Qiymətləndirmə
zamanı akademik nüfuz, işəgötürənlər arasında nüfuz, məqalələrə
istinad sayı, H-indeks və beynəlxalq elmi əməkdaşlıq göstəriciləri
əsas meyarlar kimi nəzərə alınır.
AzMİU-nun bu uğuru universitetin beynəlxalq akademik mühitdə
mövqeyinin gücləndirilməsi, tədris və tədqiqat fəaliyyətinin daha
da inkişaf etdirilməsi istiqamətində həyata keçirilən islahatların
mühüm nəticəsi kimi qiymətləndirilir.

