Yaxın Şərq münaqişəsi qlobal səviyyədə nəqliyyat xərclərini artıracaq – Beynəlxalq Valyuta Fondu

Baş səhifə

Bakı. Trend:

Beynəlxalq Valyuta Fondunun (BVF) məlumatına görə, Yaxın
Şərqdəki müharibə yalnız regionda və onun hüdudlarından kənarda
insanların həyatını və gəlir mənbələrini məhv etmir, eyni zamanda
öncəki böhranlardan sonra bərpa prosesinə başlayan ölkələrin
iqtisadi perspektivlərini də pisləşdirir.

Trend bu barədə
fonda istinadla xəbər verir.

Qeyd olunur ki, qlobal şok qeyri-bərabər xarakter daşıyır: ən
çox zərər görənlər enerji idxal edən ölkələr, kasıb dövlətlər və
məhdud maliyyə ehtiyatlarına malik ölkələrdir.

“Zərərçəkmiş ölkələrdə ciddi iqtisadi nəticələr müşahidə olunur,
infrastruktur və sənayenin dağıdılması da daxil olmaqla, bu
uzunmüddətli təsirlərə səbəb ola bilər. Bu ölkələrin qısa müddətli
böyümə perspektivləri mənfidir.

Eyni zamanda, Asiya və Avropadakı iri enerji idxalçıları yanacaq
və xammal xərclərinin artması ilə üzləşirlər: dünya neftinin
təxminən 25–30%-i və mayeləşdirilmiş təbii qazın 20%-i Hörmüz
boğazından keçir və bu, yalnız Asiyada deyil, bəzi Avropa
ölkələrində də tələbatı təmin edir. Neft idxalından daha çox asılı
olan Afrika və Asiya ölkələri üçün zəruri tədarükü hətta yüksək
qiymətə əldə etmək getdikcə çətinləşir.

Əlavə təzyiq isə ərzaq və gübrə qiymətlərinin yüksəlməsi və
maliyyə şərtlərinin sərtləşməsindən yaranır, ələlxüsus da aşağı
gəlirli ölkələrdə. Bəzi ölkələr, dəstəyin azalmasına baxmayaraq,
xarici yardıma ehtiyac duyə bilərlər”, – deyə məlumatda
bildirilir.

BVF qeyd edir ki, müharibə qiymətlərin yüksəlməsinə və iqtisadi
artımın yavaşlamasına səbəb olacaq: “Qısa müddətli münaqişə neft və
qaz qiymətlərinin kəskin artmasına səbəb ola bilər, uzunmüddətli
münaqişə isə enerjidaşıyıcıların yüksək qiymətini qoruyaraq idxalçı
ölkələr üzərində yükü artıracaq”.

“Enerji əsas təsir kanalıdır. Hörmüz boğazının de-fakto
bağlanması və region infrastrukturunun zədələnməsi dünya bazarında
tarixin ən böyük tədarük pozuntusuna səbəb oldu ki, bu da idxalçı
ölkələr üçün gəlirlərinə birdən-birə tətbiq olunan əlavə vergi
kimidir.

Çoxsəviyyəli təsir bir neçə regionda müşahidə olunur. Afrika,
Yaxın Şərq və Latın Amerikasında enerji idxalçısı ölkələr məhdud
büdcə və valyuta ehtiyatları fonunda idxal xərclərinin artımını
hiss edirlər.

Böyük Asiya sənaye iqtisadiyyatlarında yanacaq və elektrik
xərclərinin artması istehsalın maya dəyərini yüksəldir və əhalinin
alıcılıq qabiliyyətini azaldır; bəzi ölkələrdə ödəniş balansına
təzyiq artıq valyutalara təsir edir. Avropada böhran 2021–2022-ci
illərin qaz böhranının təkrarlanması qorxusunu artırır; İtaliya və
Birləşmiş Krallıq qaz elektrik stansiyalarına asılılıq səbəbindən
xüsusilə həssasdır, Fransa və İspaniya isə yüksək nüvə və bərpa
olunan enerji payı sayəsində nisbətən qorunub”, – fond
bildirir.




Qeyd olunur ki, Yaxın Şərqdə, Afrika və Latın Amerikasının bir
hissəsində neft ixrac edən, bazara tədarük imkanı olan ölkələrdə
fiskal və xarici-iqtisadi mövqelər güclənir:

“Tədarükləri məhdud olan istehsalçı ölkələr, o cümlədən Körfəz
Əməkdaşlıq Şurasının bəzi üzvlərinin qazanmaq potensialı daha
azdır”.

“Müharibə eyni zamanda neft və digər əsas materialların təchizat
zəncirlərini dəyişdirir. Tankerlərin və konteyner gəmilərinin
yönləndirilməsi daşımaların və sığortanın xərclərini, eləcə də
çatdırılma müddətlərini artırır. Körfəz regionunun əsas hava
qovşaqları ətrafında hava hərəkətinin pozulması qlobal turizmə
təsir edir və ticarəti çətinləşdirir.

Xammal qiymətlərinin artımından əlavə, ölkələr, şirkətlər və
istehlakçılar təchizat zəncirlərindəki problemlərin nəticələri ilə
üzləşirlər. Hörmüz boğazından keçən gübrələrin təxminən üçdə
birinin tədarükündəki pozuntular ərzaq qiymətlərinin yüksəlməsi
riskini artırır, xüsusilə də şimal yarımkürəsində əkin
mövsümündə”.

Qeyd olunur ki, sənaye üçün digər materiallarda da çatışmazlıq
və qiymət artımı mümkündür:

“Körfəz regionu polad yarımkeçiricilər və tibbi texnologiyada
istifadə olunan heliumun böyük hissəsini təmin edir. Elektrikli
avtomobillər üçün akkumulyatorlara dünya nikelinin təxminən
yarısını təmin edən İndoneziya metal emalı üçün kükürd çatışmazlığı
ilə üzləşə bilər. Şərqi Afrika ölkələri, Körfəz ölkələri ilə
ticarət və pul köçürmələrindən asılı olanlar xidmət tələbinin
azalması, logistika problemləri və pul köçürmələrinin azlığı ilə
üzləşirlər”.

“Əgər yüksək enerji və ərzaq qiymətləri qalarsa, bu qlobal
inflyasiyaya səbəb olacaq. Tarixi baxımdan neft qiymətlərinin
davamlı artımı inflyasiyanın yüksəlməsi və böyümənin yavaşlaması
ilə müşayiət olunub. Daha yüksək nəqliyyat və istehsal xərcləri
malların və xidmətlərin qiymətinə əks olunur.

Təsir regiondan-regiona fərqlənir. Asiyada və qismən Latın
Amerikasında, inflyasiya nisbətən aşağı olduğu yerlərdə, enerji və
ərzaq qiymətlərinin artımı gözləntilərin davamlılığını sınayacaq,
xüsusən zəif valyutaya malik ölkələrdə. Avropada enerji
qiymətlərinin yeni sıçrayışı artıq mövcud həyat xərclərini daha da
artıracaq. Aşağı gəlirli ölkələrdə ərzaq qiymətlərinin artımı
kəskin sosial və iqtisadi nəticələr doğurur.

Müharibə maliyyə bazarlarındakı sabitliyi pozub. Qlobal fond
indeksləri azalıb, istiqraz gəlirləri inkişaf etmiş və bir çox
inkişaf etməkdə olan ölkələrdə yüksəlib, volatillik artıb.
Aktivlərin satışı maliyyə şərtlərini sərtləşdirib.

Təsir fərqlidir. Avropada və bir çox inkişaf etməkdə olan
ölkələrdə daha yüksək gəlirlər və kredit spredlərinin genişlənməsi
borcun xidmətini artırır və hökumət və şirkətlər üçün təkrar
maliyyələşdirməni çətinləşdirir. Səhranın cənubundakı Afrika
ölkələrində və Yaxın Şərq, Cənubi Asiya ölkələrinin bəzi yerlərində
məhdud ehtiyatlar və bazara çıxış xarici maliyyə şoklarını daha
təhlükəli edir, ələlxüsus da yanacaq, gübrə və ərzaq idxal xərcləri
artdığı halda”, – deyə məlumatda qeyd olunur.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir