
Bakı.Trend:
Naxçıvanda bəzi kənd və yaşayış məntəqələrində elektrik
enerjisinin verilişində məhdudiyyət olacaq.
Bu barədə Trend-ə Azərişıq ASC-nin Naxçıvan Regional Enerji
Təchizatı və Satışı İdarəsindən məlumat verilib.
Bildirilib ki, 110/35 kV-luq Xalxal yarımstansiyasından
qidalanan 35/10 kV-luq Kərimbəyli yarımstansiyasında planlı təmir
işləri aparılacaq.
Aprelin 1-i saat 11:00-dan 14:00-dək təmir işləri ilə əlaqədar
olaraq, Kərimbəyli yarımstansiyasından qidalanan 10 kV-luq xətlər
üzrə elektrik enerjisinin verilişində müvəqqəti fasilələr
yaranacaq.
Təmir işləri ilə bağlı 10 kV-luq Su kəməri, Kərimbəyli,
Zeynəddin, Sirab kənd, Sirab zavod, Kosmos, Göynük və Quşçuluq hava
elektrik verilişi xətlərində gərginlik olmayacaq.
Qeyd olunan xətlər vasitəsilə enerji ilə təmin olunan Dizə,
Qaraqala, Kəlbəoruc Dizə, Kültəpə, Kərimbəyli, Sirab kənd, Sirab
zavod, Zeynəddin, Qahab, Naxışnərgiz, Nəcəfəli Dizə, Nəhəcir,
Göynük, Yarımca, Badaşqan və Hacıvar kəndlərinə elektrik
enerjisinin verilişi müvəqqəti dayandırılacaq.
Bildirilib ki, təmir işləri başa çatdıqdan sonra elektrik
enerjisinin verilişi bərpa olunacaq. Sakinlərdən yaranacaq
müvəqqəti narahatlığa görə anlayış göstərmələri xahiş olunur.

