
Bakı. Trend:
AZCON Holding şirkətlərindən olan “Azərbaycan Hava Yolları”
QSC-nin “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsi (AZANS)
fəaliyyətinin 30 illiyini qeyd edir. Bu müddət ərzində AZANS
ölkənin hava məkanının idarə olunmasında ardıcıl inkişaf yolu
keçərək müasir, təhlükəsiz və səmərəli aeronaviqasiya sistemini
formalaşdırıb.
Azərbaycanın Avropa ilə Asiyanı birləşdirən əsas hava nəqliyyatı
dəhlizlərinin kəsişməsində yerləşməsi ölkənin qlobal hava
nəqliyyatı sistemində strateji rolunu müəyyən edən əsas
amillərdəndir. Son dövrlərdə regionda baş verən dəyişikliklər
fonunda bu mövqe daha da möhkəmlənib və Azərbaycan hava məkanı
beynəlxalq aviasiya üçün etibarlı tranzit marşrut kimi ön plana
çıxıb.
Bu tendensiya son illərin statistik göstəricilərində də aydın
şəkildə əks olunur. Belə ki, 2021-ci ildə 80 880 olan uçuş sayı
2025-ci ildə 342 167-yə çataraq ölkənin qlobal hava nəqliyyatı
sistemində rolunun nəzərəçarpacaq dərəcədə genişləndiyini nümayiş
etdirir.
Xüsusilə tranzit daşımalar üzrə müşahidə olunan dinamika diqqət
çəkir. 2021-ci ildən etibarən Azərbaycanın hava məkanı üzərindən
tranzit uçuşların həcmi 360% artıb. Bu proses fonunda Bakı Uçuş
Məlumat Bölgəsi (Baku FIR) üzrə gündəlik tranzit uçuşların sayı
bəzi günlərdə 830-ə qədər yüksələrək əməliyyat intensivliyinin
artdığını aydın şəkildə göstərir.
Eyni zamanda, hava məkanından istifadə intensivliyi də
əhəmiyyətli dərəcədə artıb. 2021-ci ildə 0,49 olan uçuş sıxlığı
göstəricisi 2025-ci ildə 2,07-yə yüksələrək mövcud resurslardan
daha səmərəli istifadə olunduğunu nümayiş etdirir.
Bu dinamika beynəlxalq aviaşirkətlərin Azərbaycan hava məkanına
marağında da öz əksini tapır. Hazırda AZANS gündəlik Azərbaycan
hava məkanından istifadə edən təxminən 300 beynəlxalq aviaşirkətin
etimadını qazanıb.
Eyni zamanda, AZANS-ın azad edilmiş ərazilər üzərində hava
məkanının açılmasında rolu xüsusi qeyd olunmalıdır. Qısa müddət
ərzində regionda aeronaviqasiya infrastrukturu bərpa edilib, yeni
marşrut şəbəkəsi formalaşdırılaraq beynəlxalq aeronaviqasiya
sistemlərinə inteqrasiya olunub və bununla da hava nəqliyyatı
əlaqələrinin operativ şəkildə bərpası təmin edilib.
Artan əməliyyat yükünə baxmayaraq, AZANS müasir
avtomatlaşdırılmış Hava Hərəkətinin İdarə Edilməsi (ATM)
texnologiyaları, qabaqcıl rəqəmsal həllər və optimallaşdırılmış
hava məkanı strukturu vasitəsilə uçuşların təhlükəsiz və fasiləsiz
idarə olunmasını təmin edir. Bu sistemlərin effektiv fəaliyyəti isə
yüksək ixtisaslı kadr potensialı və davamlı peşəkar hazırlıqla
dəstəklənir. AZANS mütəmadi olaraq əməkdaşların bilik və
bacarıqlarının artırılmasına, beynəlxalq standartlara uyğun
təlimlərin keçirilməsinə və insan kapitalının inkişafına xüsusi
önəm verir.
Bununla yanaşı, AZANS əməliyyat effektivliyi və xidmət
keyfiyyəti üzrə yüksək göstəricilər nümayiş etdirir. Aeronaviqasiya
məlumatlarının dəqiqliyi 100%, vaxtında təqdim olunması 99,6%,
sistemlərin etibarlılığı isə 100% səviyyəsindədir.

