
Bakı. Trend:
Yaxın Şərqdə baş verən münaqişə qlobal enerji bazarında
qiymətlərin yüksəlməsinə səbəb olub və bu artımın təsirləri ölkələr
üzrə fərqli şəkildə özünü göstərir. Azərbaycan nefti artıq bir
barel üçün 132 dollara satılır.
Bəs, neft qiymətlərinin bu qədər yüksək olması
Azərbaycana necə təsir edir?
Mövzu ilə bağlı iqtisadçı ekspert İlham Şaban Trend-ə açıqlamasında
bildirib ki, qiymət artımı fonunda büdcəyə transfert və ödənişlərin
artacağı şübhəsizdir.
İ. Şaban qeyd edib ki, Azərbaycanda neft hasilatının azalması
prosesi davam edir: “Mövcud şəraitdə qiymət artımının bu azalmanı
müəyyən qədər kompensasiya etməsi belə, Azərbaycan üçün müsbət amil
– müəyyən mənada dividend kimi qiymətləndirilə bilər”.
Onun sözlərinə görə, əsas benefisiarlar nəqliyyat və logistika
şirkətləri, həmçinin sığorta və kredit təşkilatlarıdır. İqtisadçı
neft qiymətlərində artımın hasilatçı şirkətlərin gəlirlərinə
təsirinin şişirdilməməsini tövsiyə edib: “Birmənalı şəkildə demək
olmaz ki, neft qiymətlərinin artımı dövlət büdcəsinə neft
sektorundan daxil olan vergilərin eyni nisbətdə, məsələn ikiqat
artmasına səbəb olacaq. Daha dəqiq desək, qiymət artımı fonunda
büdcəyə transfert və ödənişlərin artacağı şübhəsizdir, lakin bu
artımın konkret həcmini yalnız birinci rüb üzrə statistik
göstəricilər açıqlanandan sonra müəyyən etmək mümkün olacaq. Çünki
şirkətlərin nefti daha yüksək qiymətə satması o demək deyil ki,
onların büdcəyə ödədiyi vergilər də eyni proporsiyada artacaq”.
İ. Şaban bildirib ki, digər tərəfdən, birinci rübdə şirkətlərin
xərclərinin səviyyəsi də hələ məlum deyil və bu amil mənfəət
vergisi üzrə ödənişlərin həcminə birbaşa təsir göstərir.
Qeyd edək ki, hazırda dünyada Yaxın Şərqdəki gərginlik qlobal
miqyasda neft-qaz qiymətlərində nəzərəçarpacaq artıma gətirib
çıxarıb.
Hazırda Azərbaycan neftinin qiyməti 132 dolları keçib. Belə ki,
İtaliyanın Auqusta limanında “Azeri Light” markalı Azərbaycan
neftinin CIF bazasında qiyməti əvvəlki göstərici ilə müqayisədə 4,3
ABŞ dolları və ya 3,36 faiz artaraq bir barel üçün 132,35 ABŞ
dolları təşkil edib.
Azərbaycanın 2026-ci il dövlət büdcəsində bir barel neftin orta
qiyməti 65 ABŞ dolları səviyyəsində hesablanıb.

