
Bakı. Trend:
Rusiya və Qazaxıstandan yüklərin Azərbaycan və Gürcüstan
üzərindən dəmir yolu ilə Ermənistana daşınması bütün tərəflər üçün
müsbət nəticə verir.
Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu barədə Rusiya Baş nazirinin müavini
Aleksey Overçuk deyib.
Onun sözlərinə görə, bu marşrut üzrə daşımalarla bağlı razılaşma
çox qısa müddətdə – bir neçə gün ərzində əldə olunub.
“Otuz ildə ilk dəfə Ermənistana dəmir yolu ilə daxil olan ilk
taxıl yükü Rusiyadan gəlib. Hazırda gübrələrin göndərilməsi də
başlayır və daşınan məhsulların çeşidi genişlənir. Bu isə bütün
tərəflər üçün faydalıdır – həm Rusiya, həm Azərbaycan, həm
Ermənistan, həm də Gürcüstan üçün. Hər kəs yeni gəlir mənbəyi əldə
edir və bu prosesdə Rusiyanın birbaşa rolu var”, – deyə o
bildirib.
Overçuk əlavə edib ki, Rusiya hökuməti region ölkələri arasında
ticarətin inkişafında və yük axınının artırılmasında
maraqlıdır.

