
Bakı. Trend:
Türkmənistan Müasir formatda Böyük İpək Yolunun bərpası
çərçivəsində Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin inkişafına
xüsusi önəm verir.
Trend xəbər verir
ki, bunu Türkmənistan Nazirlər Kabinetinin sədr müavini Nökərqulu
Ataquliyev Bakıda keçirilən Türk Dövlətləri Təşkilatına üzv
dövlətlərin hökümət başçılarının və vitse-prezidentlərinin ikinci
iclasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, əsas vəzifələrdən biri mövcud imkanlardan
tam istifadə etməklə iqtisadi tərəfdaşlığın daha da inkişaf
etdirilməsidir. Prioritet istiqamətlər investisiya əməkdaşlığının
genişləndirilməsi, sənaye kooperasiyasının inkişafı və birgə
layihələrin sayının artırılmasıdır:
“Bu prosesdə nəqliyyat-logistika infrastrukturunun inkişafı
xüsusi rol oynayır. Türk dövlətlərinin əlverişli coğrafi mövqeyi
geniş strateji imkanlar açır və onları beynəlxalq logistika
sistemində vacib tranzit qovşaqları kimi çıxış etməyə imkan
verir”.
Ataquliyev əlavə edib ki, ölkə üçün Transxəzər Beynəlxalq
Nəqliyyat Dəhlizi, “Lapis-Lazuli” dəhlizi, Xəzər dənizi – Qara
dəniz və Mərkəzi Asiya – Yaxın Şərq istiqamətləri kimi marşrutlar
mühüm əhəmiyyət kəsb edir. Bu marşrutların inkişafı ticarətin
artması və əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar
yaradır.

