
Bakı. Trend:
Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari
sığortası üzrə sığorta haqqı məbləğlərinin hesablanması qaydasında
dəyişiklik edilib.
Trend-in
məlumatına görə, sığorta haqqı məbləği hesablanarkən avtonəqliyyat
vasitəsinin istifadə təyinatına görə əmsal (AİTƏ) da tətbiq
olunacaq.
Belə ki, avtonəqliyyat vasitəsi sahiblərinin mülki
məsuliyyətinin icbari sığortası müqaviləsi bağlanarkən ödənilməli
olan bir illik sığorta haqqı məbləği baza sığorta haqqı məbləğinə
müəyyən edilmiş əmsallar tətbiq olunmaqla aşağıdakı qaydada
hesablanacaq:
- avtonəqliyyat vasitəsinin sahibi fiziki şəxs olduqda: SH = BSH
x ANVƏ x AİTƏ x TYƏ x RƏ x İMƏ x AVİƏ x BMƏ. - avtonəqliyyat vasitəsinin sahibi və (və ya) mülkiyyətçisi
hüquqi şəxs olduqda: SH = BSH x ANVƏ x AİTƏ x RƏ x
İMƏ x HŞƏ x BMƏ.
Yuxarıdakı abreviaturalar aşağıdakı mənaları ifadə edir:
- SH – bir illik sığorta haqqı məbləği;
- BSH – baza sığorta haqqı məbləği;
- ANVƏ – avtonəqliyyat vasitəsinin növünə görə əmsal;
- AİTƏ – avtonəqliyyat vasitəsinin istifadə təyinatına
görə əmsal; - TYƏ – sığortalının sürücülük təcrübəsi və yaşına görə
əmsal; - RƏ – avtonəqliyyat vasitəsinin daha çox istifadə olunduğu
əraziyə görə əmsal; - İMƏ – avtonəqliyyat vasitəsinin istismar müddətinə görə
əmsal; - AVİƏ – avtonəqliyyat vasitəsini idarə etmək hüququ olan
şəxslərin sayına görə əmsal; - BMƏ – BM sinfinə görə əmsal;
- HŞƏ – avtonəqliyyat vasitəsi sahibinin və (və ya)
mülkiyyətçisinin hüquqi şəxs olmasına görə əmsal.
Avtonəqliyyat vasitəsi taksi minik avtomobilləri ilə sərnişin
daşımaları üçün istifadə edildikdə müvafiq əmsalların tətbiqi ilə
hesablanan sığorta haqqı baza sığorta haqqı ilə avtonəqliyyat
vasitəsinin növünə görə müəyyən edilən əmsalın hasilinin 5
mislindən çox ola bilməz.
Məlumat üçün bildirək ki, baza sığorta haqqı 50
manat məbləğində müəyyən olunub.
Yuxarıda göstərilən əmsalların dərəcələri ilə bu linkdən
tanış ola bilərsiniz.
Qeyd edək ki, daha əvvəl sığorta haqqı məbləği
hesablanarkən avtonəqliyyat vasitəsinin istifadə təyinatına
görə əmsal tətbiq edilmirdi.

