
Bakı. Trend:
Azərbaycanın Orta Dəhliz boyunca yerləşməsi Britaniya biznesi
üçün yaxşı perspektivlər yaradır.
Bu barədə Trend-ə
müsahibəsində Böyük Britaniyanın İxrac Maliyyələşdirilməsi
Agentliyinin (UKEF) baş icraçı direktoru Tim Reyd bildirib.
“Böyük Britaniya ilə Azərbaycan arasında iqtisadi münasibətlər
möhkəmdir və inkişaf etməkdə davam edir. Azərbaycan üzrə bazar
risklərinin sığortalanması üçün bizdə ən yüksək təminat səviyyəsi
mövcuddur – azı 5 milyard funt sterlinq. Bu da ölkəyə britaniyalı
ixracatçılar üçün etibarlı tərəfdaş kimi inamımızı əks etdirir”, –
deyə T. Reyd qeyd edib.
Onun sözlərinə görə, Böyük Britaniya ilə Azərbaycan arasında
münasibətlərin 2025-ci ilin avqustunda Böyük Britaniya və Şimali
İrlandiya Birləşmiş Krallığının Avropa, Şimali Amerika və xarici
ərazilər üzrə dövlət naziri Stiven Dautinin Bakıya səfəri zamanı
strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi hər iki tərəfin bu
əməkdaşlığa nə qədər ciddi yanaşdığını göstərir.
“Biz artıq Azərbaycanda konkret nəticələr əldə etmişik. Bunlara
nazirin səfəri zamanı müzakirə edilən “Silk Way West Airlines” üçün
aviasiya trenajorunun tədarükü üzrə sazişə göstərilən dəstək
daxildir. Gələcəkdə isə əməkdaşlığın daha da genişləndirilməsi üçün
əhəmiyyətli imkanlar görürük. Azərbaycanın iqtisadiyyatın
şaxələndirilməsi və infrastrukturun inkişafı istiqamətində səyləri,
eləcə də Orta Dəhliz boyunca yerləşməsi Britaniya biznesi üçün
geniş perspektivlər açır və UKEF bu istiqamətdə lazımi dəstəyi
göstərməyə hazırdır”, – deyə agentliyin rəhbəri vurğulayıb.
O qeyd edib ki, UKEF-in dəstəyinin genişləndirilməsi üçün ən
perspektivli sahələr təmiz enerji və zəruri əhəmiyyətli faydalı
qazıntılardır. Bu iki istiqamətdə Azərbaycan böyük potensiala
malikdir, Böyük Britaniya isə xüsusilə infrastruktur və peşəkar
xidmətlər sahəsində dünya səviyyəli təcrübəyə sahibdir.
“Ekoloji dayanıqlı artım və bərpa olunan enerji hazırda UKEF-in
strategiyasının mərkəzində dayanır və Azərbaycan bu strategiyanın
praktik reallaşdırılması üçün real imkanların mövcud olduğu
bazarlardan biridir. UKEF 2050-ci ilə qədər karbon neytrallığına
nail olmağı öhdəsinə götürən ilk ixrac-kredit agentliklərindən biri
olub və eyni zamanda Sıfır Emissiya İxrac Kredit Agentlikləri
Alyansının (NZECA) təsisçilərindən biri və hazırkı sədridir. Bizim
xaricdə dayanıqlı inkişaf layihələri üçün birbaşa kredit
mexanizmimiz mövcuddur və bərpa olunan enerji layihələri üzrə 22
ilə qədər geri ödəmə müddəti təqdim edə bilərik. Bu isə “yaşıl
infrastruktur”un iqtisadi cəhətdən səmərəli həyata keçirilməsi üçün
xüsusi hazırlanmış maliyyə şərtləridir”, – deyə T. Reyd
bildirib.
O əlavə edib ki, agentliyin bərpa olunan enerji sahəsində
təcrübəsi kifayət qədər genişdir:
“Biz Türkiyədə dəyəri 215 milyon funt sterlinq olan ikinci ən
böyük günəş enerjisi layihəsinin maliyyələşdirilməsinə kömək
etmişik. Bundan əlavə, dənizdə külək enerjisi üzrə ixtisaslaşmış
“Seaway7” şirkətinin Böyük Britaniyada fəaliyyətinin
genişləndirilməsi üçün 370 milyon funt sterlinq məbləğində dəstək
göstərmişik. Cari biznes planımız çərçivəsində ilk maliyyə ilində
artıq 2,3 milyard funt sterlinq həcmində ‘təmiz artım’
maliyyələşməsi təmin etmişik. Beşillik hədəfimiz isə 10 milyard
funt sterlinqdir.
Azərbaycanın külək və günəş enerjisi sahəsində ambisiyaları
UKEF-in dəstəkləməyə hazır olduğu istiqamətlərlə tam uyğundur”.
T. Reyd bildirib ki, Britaniya və xarici özəl şirkətlər arasında
tərəfdaşlıqların dəstəklənməsi UKEF-in fəaliyyətinin əsas
istiqamətlərindən biridir və agentliyin artıq geniş tərəfdaş
şəbəkəsi üçün maliyyə mexanizmləri mövcuddur.
“İriqmiqyaslı layihələr həyata keçirən və Britaniya malları və
xidmətlərini satın alan iri Azərbaycan şirkətləri üçün “Buyer
Credit Facility” aləti müqavilə dəyərinin 85 faizinə qədər dövlət
dəstəyi ilə maliyyələşmə cəlb etməyə imkan verir. Bu zaman
təchizatçı ödənişi operativ şəkildə alır, alıcı isə krediti iki il
və ya daha uzun müddətdə qaytarır. Dəyəri 50 milyon funt
sterlinqdən çox olan layihələr üçün bu mexanizm “Direct Lending
Facility” proqramı ilə birləşdirilə bilər ki, bu da 200 milyon funt
sterlinqə qədər kreditlərin verilməsini nəzərdə tutur.
Azərbaycanın zəngin təbii resurslarını nəzərə alaraq, “Critical
Minerals Supply Finance” məhsulu xüsusilə aktualdır. Bu mexanizm
kritik mineralları ehtiva edən məhsullar istehsal edən və onları
britaniyalı ixracatçılara tədarük edən xarici şirkətlər və ya
layihələr üçün zəmanətli kredit vasitəsilə maliyyəyə çıxış imkanı
verir. Bu isə uzunmüddətli kommersiya tərəfdaşlıqları üçün imkanlar
yaradır”, – deyə baş direktor qeyd edib.
Onun sözlərinə görə, daha kiçik həcmli müqavilələr üçün,
xüsusilə Azərbaycan KOB-larının Britaniya malları və xidmətlərini
satın almaqda maraqlı olduğu hallarda, 1–30 milyon funt sterlinq
dəyərində kontraktlar üzrə “Standard Buyer Loan Guarantee (SBLG)”
əlverişli həll hesab olunur.
T. Reyd vurğulayıb ki, layihələrin ilkin mərhələlərində,
məsələn, bərpa olunan enerji layihələrinin texniki-iqtisadi
əsaslandırılması zamanı “Early Project Services Guarantee (EPSG)”
çərçivəsində məqsədli dəstək göstərilir.
“UKEF kibertəhlükəsizlik, fintex və süni intellekt sahələrində
fəaliyyət göstərən britaniyalı texnologiya şirkətlərinin
Azərbaycanda və ondan kənarda imkanlardan yararlanmasını
dəstəkləməyə hazırdır. Bizim missiyamız sadədir: maliyyə və ya
sığorta çatışmazlığı səbəbindən heç bir həyat qabiliyyətli
Britaniya ixrac layihəsi uğursuzluğa düçar olmamalıdır. Bu prinsip
yüksək texnologiyalı rəqəmsal xidmətlər də daxil olmaqla bütün
sahələrə aiddir”, – deyə o bildirib.
Agentliyin rəhbəri qeyd edib ki, Böyük Britaniya ilə Azərbaycan
arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə
yüksəldilməsi güclü siyasi dəstək yaradır. Nazir Dautinin avqust
səfəri zamanı kibertəhlükəsizlik ikitərəfli əməkdaşlığın əsas
istiqamətlərindən biri kimi müəyyən edilib.
“Bu, Azərbaycan bazarı ilə maraqlanan britaniyalı texnologiya
şirkətləri üçün möhkəm zəmin yaradır. Mənim Azərbaycan şirkətlərinə
mesajım sadədir: bizimlə əlaqə saxlayın. Şərqi Avropa və Mərkəzi
Asiya bazarlarını əhatə edən regional nümayəndələrdən ibarət
komandamız var və biz regionda yeni tərəfdaşlıqlar axtarırıq. UKEF
Azərbaycan alıcılarına yüksək keyfiyyətli Britaniya malları və
xidmətlərinin alınması üçün çevik maliyyələşmə imkanları təqdim
etməyə hazırdır”, – deyə T. Reyd əlavə edib.

