Bakıda Azərbaycan və Ermənistanın vətəndaş cəmiyyətləri arasında aparılan dialoqun nəticələri müzakirə olunub

Baş səhifə

Bakı. Trend:

Bakıda “Sülh Körpüsü” Təşəbbüsü üzvlərinin qadın və gənclər
təşkilatlarının iştirakı ilə “Azərbaycanda qadın və gənclər
təşkilatlarının sülh prosesinə cəlb edilməsi: “Sülh Körpüsü”
Təşəbbüsü çərçivəsində ictimai müzakirə” keçirilib.

Trend xəbər
verir ki, Milli QHT Forumunun, bir sıra QHT, qadın və gənclər
təşkilatları nümayəndələrinin iştirak etdiyi bu ictimai müzakirə
Azərbaycanla Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri arasında
aparılan dialoq nəticələrinin Azərbaycan vətəndaş cəmiyyəti ilə
bölüşülməsi, mövcud vəziyyətin açıq müzakirəsi və gələcək üçün
qadın və gənclərin cəlb edilməsinin praktik mexanizmlərin
formalaşdırılması, təkliflərin toplanması məqsədi daşıyıb.

Təşəbbüsün əsas əlaqələndiricisi Fərhad Məmmədov Azərbaycan və
Ermənistan vətəndaş cəmiyyəti üzvləri arasında keçirilən görüşlər,
aparılan söhbətlərdən danışıb, eyni zamanda qarşıda duran
məsələlərdən söz açıb və sülh prosesinə qadın və gənclərin cəlbinin
əhəmiyyətini vurğulayıb.

O bildirib ki, sorğuların nəticələrinə görə, Ermənistan
cəmiyyətində sülh istəyi o qədər də yüksək deyil. Ermənistanın Baş
naziri Nikol Paşinyanın tərəfdarları isə sülh prosesində daha aktiv
mövqe nümayiş etdirirlər.

Fərhad Məmmədovun sözlərinə görə, prosesin əsas istiqamətləri
iki sual ətrafında cəmlənir:

“Sülhə yanaşma necə olmalıdır və praktik olaraq hansı addımlar
atıla bilər?

Yaxın vaxtlarda növbəti görüşün keçirilməsi planlaşdırılır və
Ermənistan tərəfinin Azərbaycana səfəri gözlənilir. Görüş zamanı
Azərbaycan vətəndaş cəmiyyətinin mövqeyi qarşı tərəfə təqdim
ediləcək və mümkün əməkdaşlıq istiqamətləri müzakirə olunacaq”.

Qeyd edək ki, “Sülh Körpüsü” Təşəbbüsü vasitəsilə Azərbaycan və
Ermənistan vətəndaş cəmiyyəti üzvləri qarşılıqlı görüşlər
keçirirlər. Bu çərçivədə bir görüş Ermənistanda, digəri isə
Azərbaycanda təşkil olunub. Görüşlər zamanı həm mövcud proseslər
müzakirə edilib, həm də sülh gündəliyində vətəndaş cəmiyyətinin
rolu ətrafında fikir mübadiləsi aparılıb.

Həm Azərbaycan, həm də Ermənistan qrupları öz ölkələrində
vətəndaş cəmiyyətinin nümayəndələri ilə geniş tərkibdə görüşlər
keçirir, müxtəlif mövzular üzrə fikir mübadiləsi aparırlar.

“Sülh Körpüsü” Təşəbbüsünün Azərbaycan qrupu artıq Qeyri-Hökumət
Təşkilatları Forumuna daxil olan təşkilatlarla da görüşlər
keçirib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir