
Bakı.Trend:
Şərqi Aralıq dənizində yerləşən, İsrailin ən böyük qaz yatağı
olan “Leviafan”da qaz hasilatı bərpa olunub.
Trend İsrail KİV-ə
istinadən xəbər verir ki, bu barədə ölkənin Energetika Nazirliyi
məlumat yayıb.
“Vəziyyətin qiymətləndirilməsindən və bütün müvafiq amillərin
nəzərdən keçirilməsindən sonra bu mərhələdə “Leviafan”
platformasında işlərin bərpası qərara alınıb. Daxili bazara təbii
qaz tədarükü davam edir və istehsal sisteminə daha bir platformanın
inteqrasiyasından sonra artırılacaq,” – İsrail Energetika
Nazirliyinin bəyanatında bildirilib.
Qaz yatağında fəaliyyət fevralın 28-də İrana qarşı
əməliyyatların başlaması və İrandan gözlənilən raket zərbələri
səbəbindən dayandırılmışdı.
Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi
əməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, o
cümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasından
qaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İrana
endirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah Əli
Xamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranın
İnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavab
əməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamanda
ballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatları
ilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman,
Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.
Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz
nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında
təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri
kəskin artıb. İran Hörmüz boğazına nəzarəti tam şəkildə özündə
saxlayaraq sadəcə lazım bildiyi gəmilərin boğazdan keçməsinə icazə
verir.

