
Bakı. Trend:
Məhkəmələrin üzərinə kommunal xidmətərə dair işlərlə bağlı yeni
öhdəlik qoyulub.
Trend-in
məlumatına görə, söhbət təbii qaz, su və elektrik enerjisindən
istifadəyə görə hesablanmış borcun mübahisələndirilməsinə dair
işlərdən gedir.
Belə ki, təbii qaz, su və ya elektrik enerjisindən istifadəyə
görə hesablanmış borcun mübahisələndirilməsi tələbləri ilə bağlı
işlərdə məhkəmələr tərəfindən iddiaya mahiyyəti üzrə baxılıb yekun
qərar çıxarılanadək, müvafiq təchizat xidmətlərinin
dayandırılmasına yönələn hərəkətlərin bu sahədə mövcud olan təbii
inhisar subyektinə qadağan edilməsi və (və ya) bu xidmətin bərpa
edilməsinə dair müvəqqəti təminat tədbiri barədə qərardadlar qəbul
edilir.
Baxılmış işlərin təhlili göstərir ki, belə qərardadlar qəbul
olunarkən müvəqqəti təminat tədbirinin əhatə dairəsi iddianın
predmeti və mübahisələndirilən məbləğlə məhdudlaşdırılmadığına
görə, təbii inhisar subyekti təbii qaz, su və ya elektrik
enerjisinin dayandırılmasının qadağan olunması barədə qərardad
qüvvədə olan dövrdə həmin tədbirin əhatə etmədiyi yeni borcla bağlı
xidmətin göstərilməsini dayandıra bilmir. Bəzi istehlakçıların isə
bu vəziyyətdən sui-istifadə edərək yeni borclarını ödəməkdən
yayınması dövlət müəssisəsinə ödənilməli olan pul vəsaitlərinin
gecikdirilməsinə gətirib çıxarmaqla, bu sahədə təbii inhisar
subyektlərinin maliyyə dayanıqlılığına mənfi təsir göstərir.
Məsələn, qazdan istifadəyə görə hesablanmış 5000 manat borcun
silinməsi tələbi üzrə belə təminat tədbiri tətbiq edildikdən sonra
məhkəmə icraatı zamanı istehlakçının əlavə olaraq 10 min manat yeni
borcu yarandığı halda, qərardadda təminat tədbirinin hansı məbləğlə
məhdudlaşdığı göstərilmədiyi üçün istehlakçı bundan sui-istifadə
edərək yeni yaranmış borcunu da ödəmir. Bu da nəticədə təbii
inhisar subyektinin hüquqlarının lüzumsuz və qeyri-mütənasib
formada məhdudlaşdırılmasına səbəb olur.
Halbuki borcu mübahisələndirən şəxsin ərizəsi əsasında onun
hüquqlarının qorunması üçün seçilən belə müvəqqəti tədbir, digər
tərəfin (hazırkı halda təbii inhisar subyektinin)
mübahisələndirilən məbləğlə bağlı olmayan zəruri hüquqlarının
məhdudlaşdırılmasına və ona əsaslı zərərin vurulmasına gətirib
çıxarmamalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin müvəqqəti
təminat tədbirləri ilə bağlı müddəalarına görə, tətbiq edilən
tədbir gözlənilən məqsədlərə mütənasib olmalı və əks tərəfin
hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə
nəticələnməməlidir.
Digər tərəfdən “Elektrik enerjisindən istifadə Qaydaları”,
“Qazdan istifadə Qaydaları” və “Sudan istifadə Qaydaları”nda hesab
istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay
müddətində tam ödənilmədikdə təchizatçının xidməti dayandırma
hüququ nəzərdə tutulub.
Müəyyən edilib ki, məhkəmələr təbii qaz, su və elektrik
enerjisindən istifadəyə görə hesablanmış borcun
mübahisələndirilməsi ilə bağlı işlərdə yuxarıda qeyd olunan
müvəqqəti təminat tədbirini tətbiq edərkən, həmin tədbirin iddianın
predmeti və mübahisələndirilən məbləğə münasibətdə tətbiq edilməli
olduğunu diqqətdə saxlamalıdırlar. Həmçinin bu təminat tədbirinin
tətbiq edilməsinə baxmayaraq, mübahisə predmeti təşkil etməyən yeni
borclara münasibətdə təbii inhisar subyekti tərəfindən xidmətin
göstərilməsinin dayandırılmasının mümkünlüyü nəzərə
alınmalıdır.
Belə müvəqqəti təminat tədbiri ilə bağlı qərardadların nəticə
hissəsində bu tədbirin məhz hansı borc məbləği ilə bağlı tətbiq
olunduğu aydın göstərilməlidir (məsələn, qətnamə qanuni qüvvəsini
alanadək A-ya məxsus X ünvanda yerləşən X saylı abonent kodu olan
qeyri-yaşayış sahəsinə 5000 manat mübahisəli borca münasibətdə
təbii qazın verilməsinin dayandırılması “Azəriqaz” İstehsalat
Birliyinə qadağan olunsun və təbii qazın verilməsi bərpa
olunsun).

