
Bakı. Trend:
İran artıq 4 və 5-ci nəsil qırıcı təyyarələri vura bilir.
Trend-in
məlumatına görə, bunu İranın Hava Hücumundan Müdafiə (HHM) Birgə
Qərargahının komandanı general-leytenant Əlirza Elhami yerli
mediaya açıqlamasında deyib.
Onun sözlərinə görə, İranın HHM sistemləri müasir pilotsuz uçuş
aparatlarını (PUA) da yeni yerli texnikalar vasitəsi ilə vurur.
Elhami deyib ki, 28 fevraldan etibarən İran ərazisində 160-dan
çox PUA vurulub. Bu PUA-lara “MQ9”, “Hermes”, “Lucas” və s.
daxildir.
Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi
əməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, o
cümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasından
qaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İrana
endirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah Əli
Xamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranın
İnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavab
əməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamanda
ballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatları
ilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman,
Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.
Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz
nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında
təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri
kəskin artıb. İran Hörmüz boğazına nəzarəti tam şəkildə özündə
saxlayaraq sadəcə lazım bildiyi gəmilərin boğazdan keçməsinə icazə
verir.

