
Bakı. Trend:
ABŞ və İsrailin İrana qarşı hərbi hava hücumları fonunda Bu gün
İranın cənubunda yerləşən Buşehr vilayətində Buşehr Atom Elektrik
Stansiyasının (AES) ərazisinə yenidən hücum edilib.
Trend-in
məlumatına görə, bu barədə İranın Atom Enerjisi Təşkilatı “X”
hesabında paylaşım edib.
Bildirilib ki, Buşehr AES-in ərazisinə bir raket düşüb. Baş
verən partlayış nəticəsində stansiyanın kənar binalarından birinə
ziyan dəyib və mühafizəçilərdən biri ölüb.
Bu hücum nəticəsində Buşehr AES-in əsas hissələrinə ziyan
dəymədiyi və stansiyanın elektrik istehsalına hər hansı maneə
yaranmadığı qeyd olunub.
Bu, 28 fevraldan bəri Buşehr AES-ə 4-cü hücum hesab olunur.
Xatırladaq ki, Buşehr AES-in 1-ci bloku 2011-ci ildə fəaliyyətə
başlayıb. 2013-cü ildə blokun istismarı Rusiya atom şirkəti
tərəfindən İran şirkətinə təhvil verilib. 2013-cü ildən bu blokda
maksimum elektrik yəni 1 min meqavat saat elektrik istehsal olunub.
10 il ərzində Buşehr Atom Elektrik Stansiyasında elektrik istehsalı
65 milyard kilovat saatdan çox təşkil edib.
Buşehr AES-də elektrik istehsalı 2013-cü ildən 20 mart 2025-dək
72,4 milyon kilovat saat təşkil edib.
Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi
əməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, o
cümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasından
qaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İrana
endirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah Əli
Xamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranın
İnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavab
əməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamanda
ballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatları
ilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman,
Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.
Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz
nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında
təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri
kəskin artıb. İran Hörmüz boğazına nəzarəti tam şəkildə özündə
saxlayaraq sadəcə lazım bildiyi gəmilərin boğazdan keçməsinə icazə
verir.

