
Bakı. Trend:
İran Oman körfəzindən və ya İran limanları istiqamətində hərəkət
edən və humanitar yardımlar və zəruri məhsulları daşıyan gəmilərin
keçidinə icazə verib.
Trend-in
məlumatına görə, bu İranın Kənd Təsərrüfatı Nazirliyinin Ticarət
inkişafı departamentinin rəhbəri Humən Fəthinin İranın Limanlar və
Dənizçilik Təşkilatına ünvanladığı məktubda öz əksini tapıb.
Məktubda bildirilir ki, sözügedən məsələ ilə əlaqədar İran
hökuməti və Silahlı Qüvvələr öz razılıqlarını elan edib.
Məktubda Oman körfəzində olan və yaxudn İrana doğru hərəkət edən
gəmilərin protokollar əsasında keçidi üçün lazımi öhdəliklərin
yerinə yetirilməsi və hansı gəmilərin boğazından keçəcəyi qeyd
olunub.
Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi
əməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, o
cümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasından
qaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İrana
endirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah Əli
Xamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranın
İnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavab
əməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamanda
ballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatları
ilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman,
Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.
Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz
nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında
təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri
kəskin artıb. İran Hörmüz boğazına nəzarəti tam şəkildə özündə
saxlayaraq sadəcə lazım bildiyi gəmilərin boğazdan keçməsinə icazə
verir.

