
Bakı. Trend:
ABŞ ordusunun Küveytin Bubian adasındakı “Himars” sistemi və
Bəhreynin şimalındakı “Patriot” sistemi atəşə tutulub.
Trend-in
məlumatına görə, bu barədə İran İslam İnqilabı Keşikçilər Korpusu
(SEPAH) açıqlama yayıb.
Bildirilib ki, bu gün səhərdən etibarən “Doğru Vəd 4”
əməliyyatının 95-ci mərhələsində eyni zamanda ABŞ ordusunun
BƏƏ-dəki toplaşdığı məkanlar və ABŞ-nin BƏƏ-dəki Oracle süni
intellekt texnologiya şirkəti atəşə tutulub.
SEPAH-ın məlumatına görə, Bəhreynin Xəlifə Bin Salman limanında
üçüncü ölkənin bayrağı altında üzən və İsrailin mülkiyyətində olan
“MCS ISHIKA” gəmisi atəşə tutulub. Həmçinin İsraildə bir sıra
məkanlar çoxbaşlıqlı raketlərlə atəşə tutulub.
SEPAH hücumların davam etdiyini bildirib.
Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi
əməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, o
cümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasından
qaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İrana
endirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah Əli
Xamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranın
İnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavab
əməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamanda
ballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatları
ilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman,
Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.
Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz
nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında
təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri
kəskin artıb. İran Hörmüz boğazına nəzarəti tam şəkildə özündə
saxlayaraq sadəcə lazım bildiyi gəmilərin boğazdan keçməsinə icazə
verir.

