Qarabağ bölgəsinin Azərbaycanın ayrılmaz tərkib hissəsi olması beynəlxalq hüquqa söykənir – XİN

Baş səhifə

Bakı. Trend:

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistanın
Baş naziri Nikol Paşinyan arasında 1 aprel tarixində Moskvada
keçirilmiş görüş zamanı və ondan sonra Rusiyanın rəsmi şəxsləri
tərəfindən ictimai müzakirələrdə Azərbaycanın sırf daxili işlərinə
aid məsələlərə toxunulub. Bununla əlaqədar, diplomatik kanallar
vasitəsilə Azərbaycanın Qarabağ bölgəsindən siyasi
spekulyasiyalarda istifadə edilməsinin qabuledilməzliyi barədə
mövqeyimiz və bunun dayandırılmasına dair gözləntilərimiz Rusiya
Prezidentinin Administrasiyasının, Hökumətin və XİN-in diqqətə
çatdırılıb.

Trend xəbər verir
ki, bu barədə Xarici İşlər Nazirliyinin Rusiyada Azərbaycanın
Qarabağ bölgəsi ilə bağlı son günlərdə səsləndirilən fikirlərə dair
şərhində bildirilib.

Bildirilib ki, buna baxmayaraq, mövzu Rusiya tərəfinin rəsmi
siyasi diskursunda davam etməkdədir.

“Belə ki, bu gün Rusiya Prezidentinin mətbuat katibi Dmitri
Peskov Vesti kanalına müsahibəsində Ermənistan-Rusiya
münasibətlərinə dair mövqe bildirərkən növbəti dəfə Qarabağ
bölgəsinin Azərbaycanın tərkib hissəsi kimi ilk olaraq Rusiya,
yoxsa Ermənistan tərəfindən tanınması barədə şərh verib.

Qarabağ bölgəsinin Azərbaycanın ayrılmaz tərkib hissəsi olması
hər hansı bir dövlətin qərarına deyil, tarix, beynəlxalq hüquq və
ədalətə söykənir. Bu, 2020-ci il 44 günlük Vətən müharibəsi və
2023-cü il 1 günlük antiterror tədbirləri nəticəsində bir daha
təsdiq olunaraq, tam bərqərar olub.

Rusiya tərəfinə bir daha xatırlatmaq istərdik ki, Rusiya
Federasiyası daxil olmaqla, heç bir ölkə, heç bir dövrdə Qarabağ
bölgəsi daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünüsual altına
qoymayıb.

Azərbaycanın suverenliyinə aid olan məsələlərin
Rusiya-Ermənistan münasibətlərinin sadə olmadığı hazırkı dövrdə
ictimai müstəvidə münasibətlərin aydınlaşdırılması predmetinə
çevrilməyəcəyinə dair gözləntilərimizi bir daha Rusiya tərəfinin
diqqətinə çatdırırıq”, – deyə nazirlik qeyd edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir