
Bakı. Trend:
Enerji daşıyıcılarının yüksək qiymətləri fonunda iqtisadiyyata
dəstək məqsədilə həddindən artıq xərclər büdcə böhranına gətirib
çıxara bilər.
Trend “Financial
Times”a istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyası
Aİ-yə üzv ölkələri xəbərdarlıq edib.
Aİ ölkələrində yanacaq qiymətlərinin yüksək olması ilə mübarizə
məqsədilə müxtəlif tədbirlər təklif olunur və ya artıq tətbiq
edilir. Bunlara, xüsusilə, elektrik enerjisinə subsidiyalar,
vergilərin və aksizlərin azaldılması, qiymət tavanının tətbiqi
daxildir.
Qəzetin öz mənbələrinə istinadən yazdığına görə, Avropa
Komissiyası milli paytaxtları xəbərdar edib ki, bu cür tədbirlər
həcminə və tətbiq müddətinə görə məhdud olmalıdır. Brüssel ehtiyat
edir ki, həddindən artıq səxavətli dəstək tədbirləri yüksək
inflyasiyaya və büdcə kəsirinin kəskin artımına səbəb ola
bilər.
“Bu, Avropa Komissiyasının ümumi vəzifəsidir. İqtisadiyyatın bir
sektorunda baş verənlər bütün cəmiyyətə təsir göstərə bilər”, –
Enerji məsələləri üzrə avrokomissar Dan Yorgensen qəzetə
bildirib.
Onun sözlərinə görə, Avropa Komissiyası üzv dövlətlərin
hökumətlərinə mövcud fiskal çərçivədən kənara çıxmadan istifadə
etmək istədikləri siyasət alətlərinin hazırlanması üçün texniki
məsləhətlər verir və yardım göstərir.

