ABŞ İranda pilotların xilas edilməsi zamanı 10 uçuş vasitəsini itirib

Baş səhifə

Bakı. Trend:

ABŞ İranda vurulmuş “F-15E” qırıcısının ekipajının xilasedilməsi
üzrə keçirdiyi əməliyyat zamanı helikopterlər, pilotsuz uçuş
aparatları və dəstək təyyarələri daxil olmaqla on ədəd uçuş
vasitəsini itirib.

Trend xəbər verir
ki, bu barədə “Military Watch Magazine” (MWM) portalı yazır.

“İran üzərində aşağı yüksəkliklərdə həyata keçirilən uçuşlar
zamanı İranın hava hücumundan müdafiə vasitələri tərəfindən iki
ədəd “UH-60” helikopteri, iki ədəd “MQ-9” pilotsuz uçuş aparatı,
hava dəstəyi verdiyi bildirilən bir “A-10” təyyarəsi və İsrailə
məxsus “Hermes 900” kəşfiyyat PUA-sı vurulub”, — məlumatda
deyilir.




Bundan əlavə, iki ədəd “HC-130J Combat King II” təyyarəsi və iki
“MH-6” helikopteri İranda məcburi eniş etdikdən sonra onların İran
tərəfinin əlinə keçməsinin qarşısını almaq məqsədilə ABŞ tərəfindən
məhv edilib. Eyni zamanda, onların bir hissəsinin İran tərəfinin
zərbələri nəticəsində məhv edilmiş ola biləcəyi də istisna
olunmur.

Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi
əməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, o
cümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasından
qaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İrana
endirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah Əli
Xamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranın
İnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavab
əməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamanda
ballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatları
ilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman,
Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz
nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında
təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri
kəskin artıb. İran Hörmüz boğazına nəzarəti tam şəkildə özündə
saxlayaraq sadəcə lazım bildiyi gəmilərin boğazdan keçməsinə icazə
verir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir