
Bakı. Trend:
İran və ABŞ-yə Pakistan tərəfindən hazırlanan və irəli sürülən
atəşkəs planı təqdim olunub.
Trend xəbər verir
ki, bu barədə “Reuters” məlumat yayıb.
Agentliyin yazdığına görə, plandakı bütün müddəaların bu gün (6
aprel-red.) razılaşdırılması mümkündür.
Mənbənin sözlərinə görə, sənəd iki mərhələli yanaşmanı nəzərdə
tutur: dərhal atəşkəsin elan edilməsi və bunun ardınca hərtərəfli
razılaşmanın bağlanması.
Güman edilir ki, atəşkəs Hörmüz boğazı vasitəsilə gəmiçiliyin
dərhal bərpasına imkan verəcək. Yekun razılaşma 15–20 gün ərzində
əldə oluna bilər.
Agentliyin yazdığına görə, bu razılaşmaya sanksiyaların
yumşaldılması və xaricdə dondurulmuş aktivlərin azad edilməsi
müqabilində Tehranın nüvə proqramına məhdudiyyətlərin daxil
edilməsi gözlənilir.
Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi
əməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, o
cümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasından
qaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İrana
endirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah Əli
Xamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranın
İnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavab
əməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamanda
ballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatları
ilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman,
Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.
Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz
nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında
təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri
kəskin artıb. İran Hörmüz boğazına nəzarəti tam şəkildə özündə
saxlayaraq sadəcə lazım bildiyi gəmilərin boğazdan keçməsinə icazə
verir.

