
Bakı. Trend:
“Ocean Thunder” adlı Türkiyəyə məxsus gəmi ötən gecə etibarilə
Hörmüz boğazını təhlükəsiz şəkildə keçərək Körfəzdən çıxışını
tamamlayıb.
Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bunu Türkiyənin Nəqliyyat və
İnfrastruktur naziri Abdulkadir Uraloğlu bildirib.
O qeyd edib ki, bu keçidlə birlikdə Hörmüz boğazı ətrafında
yerləşən Türkiyə mülkiyyətində olan gəmilərin sayı 12-yə, çıxış
tələbi olan gəmilərin sayı isə 8-ə enib.
“Xarici İşlər Nazirliyimizlə apardığımız birgə fəaliyyət
nəticəsində İraqdan yüklədiyi xam nefti Malayziyaya daşımaq üçün
səfərdə olan ‘Ocean Thunder’ adlı Türkiyə mülkiyyətindəki gəmi ötən
gecə etibarilə Hörmüz boğazını təhlükəsiz şəkildə keçərək Körfəzdən
çıxışını tamamladı. Beləliklə, müharibənin başlanmasından bəri
Körfəzdə gözləyən 3 gəmi Hörmüz boğazından təhlükəsiz şəkildə
ayrılmış oldu”,- nazir bildirib.
Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi
əməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, o
cümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasından
qaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İrana
endirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah Əli
Xamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranın
İnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavab
əməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamanda
ballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatları
ilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman,
Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.
Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz
nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında
təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri
kəskin artıb. İran Hörmüz boğazına nəzarəti tam şəkildə özündə
saxlayaraq sadəcə lazım bildiyi gəmilərin boğazdan keçməsinə icazə
verir.

