
Bakı. Trend:
Yaxın Şərqdə eskalasiyaların davam etməsi və Hörmüz boğazında
beynəlxalq neft daşımalarının məhdudlaşdırılması fonunda Pakistanın
Maliyyə Nazirliyi ölkədə neft ehtiyatlarının yalnız 12 gün üçün
kifayət edəcəyini bildirib.
Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.
Pakistanın Maliyyə Nazirliyinin məlumatına görə, ölkəyə daxil
olan yüklər və planlaşdırılmış idxal hesabına neft ehtiyatları
təmin edilir. Qurum həmçinin vurğulayıb ki, neft emalı zavodları
optimal səviyyədə fəaliyyət göstərir və benzin, dizel yanacağı,
eləcə də neft təchizatı ilə bağlı ümumi vəziyyət hələlik sabit
olaraq qalır.
Qeyd edək ki, Pakistanda hazırda enerji təminatı ilə bağlı
böhran yaşanır.
Martın 9-da Pakistan hökuməti Yaxın Şərqdəki vəziyyət və Fars
körfəzi ölkələrindən enerji daşıyıcılarının tədarükündə yaranan
fasilələr səbəbindən sərt yanacaq qənaəti tədbirləri tətbiq
edib.
Martın 18-dən etibarən ölkədə məktəblərin fəaliyyəti
dayandırılıb, ali təhsil müəssisələri isə onlayn tədrisə keçib.
Dövlət qurumlarının avtomobil nəqliyyatının yanacaqla təminatı 50
faiz azaldılıb, onların avtoparkından istifadə isə 60 faiz ixtisar
edilib.
Enerji resurslarına qənaət məqsədilə dövlət qulluqçularının
yarısı distant iş rejiminə keçirilib, bütün dövlət qurumlarında isə
dörd günlük iş həftəsi tətbiq olunub.

