
Bakı. Trend:
Rəqəmsal xidmətlər, ESG (Environmental, Social, Governance /
Ətraf mühit, Sosial məsuliyyət və Korporativ idarəetmə) və süni
intellektdən sonra yaxın illərdə yeni investisiya bumunun ən
perspektivli namizədləri sırasında biotexnologiyalar, robototexnika
və virtual reallıq yer alır.
Trend xəbər verir
ki, bu barədə Avrasiya İnkişaf Bankının (AAİB) “İnvestisiya
meqahaypının dalğaları” adlı hesabatında qeyd olunub.
AAİB analitikləri yaxın 20 il üçün iri investisiyalar baxımından
yeddi ən çox ehtimal olunan istiqaməti qeyd edirlər:
biotexnologiyalar və uzunömürlülük, robotlar və avtonom sistemlər,
kvant hesablamaları, virtual reallıq, enerji saxlanması və
şəbəkələr, iqlim texnologiyaları və kosmik iqtisadiyyat.
Müəlliflərin qiymətləndirməsinə görə, daha yaxın perspektivdə yeni
dalğanın ən güclü namizədləri məhz biotexnologiya, robototexnika və
virtual reallıqdır.
Hesabatda biotexnologiyalara xüsusi diqqət ayrılıb. Bunun səbəbi
yalnız potensial bazarın həcmi deyil, həm də biotexnologiyaların
qarşıdakı onilliklərin əsas çağırışlarından biri – əmək
resurslarının çatışmazlığına cavab verə bilməsi ilə bağlıdır.
Əhalinin qocalması fonunda sağlam və məhsuldar həyat müddətinin
uzadılması qabiliyyəti getdikcə daha böyük iqtisadi dəyər
qazanır.
Qiymətləndirmələrə görə, qlobal biotexnologiya bazarı
2024–2025-ci illərdə təxminən 1,9–2,2 trilyon ABŞ dolları təşkil
edib və 2034-cü ilə qədər demək olar ki, 5,9 trilyon dollara çata
bilər. Robototexnika da yüksək artım potensialı nümayiş etdirir:
bazar 2025-ci ildə 64,8 milyard dollardan 2035-ci ilə qədər 376
milyard dollara qədər arta bilər. Virtual reallıq bazarı üzrə isə
göstəricilər 2025-ci ildə təxminən 75 milyard dollar və 2035-ci ilə
qədər 693 milyard dollar səviyyəsində qiymətləndirilir.
Bununla belə, hər bir yeni texnoloji dalğa yalnız imkanlar
deyil, həm də həddindən artıq optimizm riski daşıyır. Hesabatda
“kreativ özünüaldatma” anlayışından istifadə olunur – bu,
texnologiyanın bəyan edilən vəziyyətinin onun real yetkinlik
səviyyəsini xeyli qabaqladığı halları ifadə edir. Bu isə o deməkdir
ki, investor və dövlət üçün əsas məsələ yalnız perspektivli
istiqaməti düzgün müəyyənləşdirmək deyil, həm də onun inkişaf
mərhələsini düzgün anlamaqdır.
Yeni texnoloji mühitdə əsas resurs perspektivli həlləri sürətlə
mənimsəmək və miqyaslandırmaq bacarığına çevrilir. İnkişaf etməkdə
olan iqtisadiyyatlar üçün bu, rəqabətin yalnız kapital uğrunda
deyil, həm də yeni bazarlara inteqrasiya sürəti, kompetensiyalar və
növbəti artım mərhələsinə institusional hazırlıq uğrunda
aparılacağı anlamına gəlir.

