
Minsk. Trend
Azərbaycan bizim əsas tərəfdaşlarımızdan biridir.
Bunu Trend-ə
Belarus Respublikasının sənaye naziri Andrey Kuznetsov
bildirib.
Onun sözlərinə görə, Minsk Avtomobil Zavodunun şassisi əsasında
Gəncə Avtomobil Zavodunda yeni kommunal texnikanın (100 ədəd)
yığılması ilə bağlı sazişin imzalanması – ölkələr arasında
qarşılıqlı faydalı əməkdaşlığın növbəti addımıdır.
“Belarus texnikası Azərbaycan bazarında yaxşı nəticələr
göstərib. İndi 100 maşın komplektinin təchizatı üzrə müqavilə
imzalanıb, bunlardan biz birgə olaraq Azərbaycanın ehtiyacları üçün
kommunal maşınlar istehsal edəcəyik. Bu, qarşılıqlı faydalı
əməkdaşlığın daha da inkişafı üçün növbəti addımdır”, – deyə nazir
bildirib.
“Son üç ildə ticarət dövriyyəmizi ikiqat artırmışıq və birgə
müəssisələr yaradaraq qarşılıqlı faydalı ikitərəfli əlaqələrimizi
inkişaf etdirəcəyik. Azərbaycanla münasibətlərimiz uğurla inkişaf
edir. Minsk Traktor Zavodu ilə yaxşı göstəricilərimiz var və Minsk
Avtomobil Zavodu ilə əməkdaşlıq da davam edir”, – nazir əlavə
edib.
Gəncə Avtomobil Zavodu və MAZ arasında əməkdaşlıq çərçivəsində
istehsal olunan kommunal texnika müasir avadanlıqla təchiz edilib
və bu avadanlıqlar Gəncədə hazırlanıb və yığılmaqdadır. Bu texnika,
ölkə ərazisindəki şəhər infrastrukturunun xidmət göstərilməsi
məqsədilə istifadə olunacaq. Bu layihə, ölkənin kommunal parkının
yenilənməsinə kömək edir.
Qeyd edək ki, bu gün Minskdə Azərbaycan Respublikası Milli
Məclisinin deputatı, Gəncə Avtomobil Zavodu İstehsalat Birliyi
Müşahidə Şurasının sədri Xanlar Fətiyev və MAZ ASC-nin baş
direktoru Valeri İvankoviç arasında saziş imzalanıb.
Saziş, Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana
dövlət səfəri zamanı Prezident İlham Əliyev və Prezident Aleksandr
Lukaşenko tərəfindən verilmiş tapşırıqların icrası çərçivəsində
imzalanıb.

