
Kriptovalyuta bazarında son sutkada artım qeydə alınıb, bazarın ümumi kapitallaşması 3,86% artaraq 2,44 trln. dollar təşkil edib.
“APA-Economics” xəbər verir ki, bazarın lider kriptovalyutası olan “Bitcoin”in qiyməti 24 saat ərzində 3,99% artaraq 71 568 dollar səviyyəsinə yüksəlib. “Ethereum”un qiyməti isə 6,05% artaraq 2 241 dollar olub.
İlk onluqda yer alan digər aktivlər üzrə də əsasən artım müşahidə edilib. Belə ki, BNB-nin qiyməti 2,53% artaraq 615 dollara çatıb. “Bitcoin Cash”in qiyməti 2,42% artaraq 443 dollar olub. “Monero” 4,08% bahalaşaraq 339 dollar, “Bittensor” 7,97% bahalaşaraq 337 dollara yüksəlib. “Zcash”ın qiyməti isə daha kəskin – 22,81% artaraq 322 dollara çatıb.
Qızıl təminatlı tokenlərdə də müsbət dinamika qeydə alınıb. Belə ki, “PAX Gold”un qiyməti 2,88% artaraq 4 778 dollar, “Tether Gold”un qiyməti isə 2,73% artaraq 4 757 dollar olub.
“CoinMarketCap 20” indeksi son 24 saatda 4,62% artaraq 147,35 bənd səviyyəsinə yüksəlib.
Analitiklər qeyd edirlər ki, artımın arxasında bir neçə konkret faktor dayanır. Birincisi, Yaxın Şərqdə gərginliyin qismən azalması və İran ətrafında mümkün eskalasiyanın zəifləməsi qlobal bazarlarda risk iştahasını artırıb. Bu, investorların yenidən riskli aktivlərə, o cümlədən kriptovalyutalara yönəlməsinə səbəb olub. Bundan əlavə, ABŞ-da spot Bitcoin ETF-lərinə daxilolmaların artması institusional tələbi gücləndirib və birbaşa olaraq “Bitcoin”in qiymətini yuxarı çəkib. Digər tərəfdən qlobal fond bazarlarında müsbət dinamika və dolların nisbi sabitliyi fonunda investorlar alternativ aktivlərə keçidi artırıb ki, bu da BTC-nin 71 min dollar həddini keçməsini sürətləndirib.

