İranla əldə olunmuş razılaşma Livana aid deyil – Netanyahu

Baş səhifə

Bakı. Trend:

ABŞ Prezidenti Donald Trampın atəşkəs elanından dörd saat sonra
İsrail Baş nazir Benjamin Netanyahunun ofisi ABŞ ilə İran arasında
atəşkəsi alqışlayan bəyanat yayıb.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.

Netanyahu razılaşmanı təqdir etməsinə rəğmən, onun Livanı əhatə
etmədiyini diqqətə çatdırıb.

“İki həftəlik atəşkəs Livanı əhatə etmir,” – deyə baş nazirin
ofisi əlavə edib.

Bəyanatda qeyd olunur ki, İsrail həmçinin ABŞ-nin İranın artıq
Amerikaya, İsrailə, İranın ərəb qonşularına və dünyaya nüvə, raket
və terror təhdidi yaratmamasını təmin etməyə yönəlmiş səylərini
dəstəkləyir.




“İsrail Prezident Trampın İrana qarşı zərbələri iki həftə
müddətinə dayandırmaq qərarını dəstəkləyir; bu qərar İranın dərhal
boğazları açması və ABŞ, İsrail və region ölkələrinə qarşı bütün
hücumları dayandırması şərtinə bağlıdır,” – deyə Baş nazirin
ofisinin bəyanatında bildirilir.

Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi
əməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, o
cümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasından
qaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İrana
endirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah Əli
Xamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranın
İnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavab
əməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamanda
ballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatları
ilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman,
Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz
nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında
təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri
kəskin artıb.

Aprelin 7-də ABŞ və İran hərbi eskalasiyanın qarşısını almaq və
danışıqlar üçün imkan yaratmaq məqsədilə təxminən iki həftəlik,
müvəqqəti atəşkəs barədə razılığa gəliblər Məlumatlara görə,
razılaşma Pakistanın vasitəçiliyi ilə əldə edilib. Əsas məqamlardan
biri İranın Hörmüz boğazını qlobal gəmiçilik üçün yenidən açmaq
öhdəliyidir, eyni zamanda tərəflər hücumları dayandıraraq
danışıqlara hazırlaşırlar.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir