
Bakı. Trend:
İsrail Müdafiə Qüvvələri (IDF) Livanın cənubunda yerləşən Sur
liman şəhərinin mülki əhalisini təxliyə olunmağa çağırıb.
Trend bu barədə
“Times of Israel”ə istinadən xəbər verir.
“Sur şəhərinin, xüsusilə Şəbrihə rayonunun sakinlərinə təcili
xəbərdarlıq – evlərinizdən dərhal təxliyə olunun!”, – ordu sözçüsü
Polkovnik Aviçay Adray “X” səhifəsində yazıb və paylaşıma
zərbələrdə hədəfə alınacaq hədəflərin xəritəsini əlavə edib.
Qeyd edək ki, aprelin 7-də ABŞ və İran arasında müvəqqəti
atəşkəs razılaşması əldə olunsa da, İsrail Baş naziri Binyamin
Netanyahu bu razılaşmanın Livanı əhatə etmədiyini diqqətə
çatdırmışdı.
Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi
əməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, o
cümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasından
qaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İrana
endirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah Əli
Xamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranın
İnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavab
əməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamanda
ballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatları
ilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman,
Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.
Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz
nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında
təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri
kəskin artıb.
Aprelin 7-də ABŞ və İran hərbi eskalasiyanın qarşısını almaq və
danışıqlar üçün imkan yaratmaq məqsədilə təxminən iki həftəlik,
müvəqqəti atəşkəs barədə razılığa gəliblər Məlumatlara görə,
razılaşma Pakistanın vasitəçiliyi ilə əldə edilib. Əsas məqamlardan
biri İranın Hörmüz boğazını qlobal gəmiçilik üçün yenidən açmaq
öhdəliyidir, eyni zamanda tərəflər hücumları dayandıraraq
danışıqlara hazırlaşırlar.

