Azərbaycan ilə Serbiya iqtisadi və enerji sahəsində əməkdaşlıq imkanlarını dəyərləndiriblər

Baş səhifə

Bakı. Trend:

Azərbaycan ilə Serbiya arasında iqtisadi və enerji sahəsində
əməkdaşlıq məsələləri müzakirə edilib.

Trend bu
barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Belə ki, aprelin 8-də Azərbaycan Respublikasının maliyyə naziri,
Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında ticarət
və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədri
Sahil Babayev ölkədə səfərdə olan Serbiya Respublikasının mədən və
energetika naziri xanım Dubravka Djedoviç Handanoviçin rəhbərlik
etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə Azərbaycan ilə Serbiya arasında ikitərəfli əməkdaşlıq, o
cümlədən enerji sahəsində əlaqələrin mövcud vəziyyəti və inkişaf
perspektivləri müzakirə edilib.
Nazir Sahil Babayev iki ölkə arasında münasibətlərin strateji
tərəfdaşlıq xarakteri daşıdığını vurğulayaraq, əməkdaşlığın möhkəm
hüquqi baza və yüksək səviyyəli siyasi dialoq əsasında uğurla
inkişaf etdiyini qeyd edib. Bildirilib ki, imzalanmış çoxsaylı
sazişlər, Hökumətlərarası Komissiyanın və Strateji Tərəfdaşlıq
Şurasının fəaliyyəti əlaqələrin genişləndirilməsi üçün əlverişli
zəmin yaradır.




Enerji sahəsində əməkdaşlığın əsas istiqamətlərinə toxunan nazir
2023-cü ildən etibarən Azərbaycan qazının Bolqarıstan–Serbiya
interkonnektoru vasitəsilə Serbiyaya çatdırılmasının tərəfdaşlığın
mühüm nailiyyətlərindən biri olduğunu diqqətə çatdırıb. Qeyd olunub
ki, bu çərçivədə imzalanmış müqavilə 2026-cı ilin sonunadək
uzadılıb və hazırda qaz təchizatı həyata keçirilir.

Öz növbəsində, xanım D.Djedoviç iki ölkə arasında enerji
sahəsində səmərəli və qarşılıqlı faydalı əməkdaşlığın
möhkəmləndirilməsinin önəmini vurğulayıb. O, 2026-cı ilin fevral
ayında imzalanan və Serbiyada qaz-turbin elektrik stansiyasının
tikintisini nəzərdə tutan sazişin regionda enerji təhlükəsizliyinin
gücləndirilməsinə mühüm töhfə verəcəyini bildirib.

Görüş zamanı, həmçinin neft və neft məhsulları, elektrik
enerjisi, eləcə də yaşıl enerji və bərpa olunan enerji mənbələri
sahəsində əməkdaşlığın genişləndirilməsi istiqamətləri ətrafında
geniş fikir mübadiləsi aparılıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir