
Bakı. Trend:
Azərbaycandakı Dini Konfessiya rəhbərləri ABŞ-ın Azərbaycanda
dini vəziyyətlə bağlı hesabatı ilə əlaqəli bəyanat yayıb.
Trend xəbər
verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsi məlumat yayıb.
Bəyanat mətnində bildirilir ki, Azərbaycan Respublikasında
yaşayan dini icmaların nümayəndələri, ABŞ-nin Beynəlxalq Dini
Azadlıq Komissiyasının (BDAK) 2025-ci ildə Azərbaycanda dini
vəziyyətə dair hesabatda əsassız iddialarla bağlı ciddi
narahatlıqlarını və dərin təəssüflərini ifadə edirlər:
“Mövcud reallıqları nəzərə alaraq, hesabatdakı qiymətləndirməni
qəti şəkildə rədd edirik. Hesabatda guya dini azadlığın pozulması
və dini icmalara təzyiq göstərilməsi kimi Azərbaycana qarşı əsassız
iddialar müəyyən qrupların qərəzli lobbiçilik mövqeyini əks
etdirir. Bu iddialar ölkədəki reallıqlara uyğun gəlmir, əksinə,
ölkəmizin daxildə və qlobal səviyyədə dini tolerantlığın təşviqi
istiqamətində göstərdiyi əhəmiyyətli səyləri nəzərə almır”.
Həmçinin qeyd edilib ki, bu, BDAK-ın hesabatında Azərbaycanın
işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur bölgələrində bütün
tarixi və mədəni abidələrin fərq qoyulmadan təmir və bərpa
səylərinin yanlış təqdim edilməsi xüsusilə təəssüf doğurur:
“Sözügedən bərpa layihələri bütün mədəni və dini irsin
xüsusiyyətlərinin mühafizəsinə diqqət yetirilməklə təcrübəli
mütəxəssis və memarların iştirakı ilə həyata keçirilir”.
“BDAK-ın mövcud faktlara və reallıqlara əsaslanaraq ölkəmizdəki
vəziyyəti obyektiv şəkildə əks etdirməklə Azərbaycana yanaşmasını
yenidən nəzərdən keçirəcəyini, ölkəmizin tolerantlığa verdiyi
töhfələrini, dinlər və etiqadlararası dialoqun mühafizəsi
istiqamətində səylərini təqdir edəcəyini gözləyirik.
Ümid edirik ki, tamamilə əsassız və sübutsuz formada “Xüsusi
İzləmə Siyahısı”na daxil edilməklə Azərbaycana münasibətdə
sərgilənən ədalətsizliyin aradan qaldırılması üçün zəruri tədbirlər
görüləcəkdir”, – əlavə edilib.

