Gürcüstan parlamentində Orta Dəhlizin inkişafı müzakirə olunub

Baş səhifə

Bakı. Trend:

Gürcüstan parlamentində “Qlobal siyasi dəyişikliklər və yeni
beynəlxalq iqtisadi gündəlik – Gürcüstan üçün çağırışlar və
imkanlar” mövzusunda iqtisadi forum keçirilib. Forum çərçivəsində
Orta Dəhlizin inkişafı və ölkənin nəqliyyat-logistika
infrastrukturunun genişləndirilməsi məsələləri müzakirə olunub.

Trend bu barədə
Gürcüstan parlamentinə istinadla xəbər verir.

Qeyd olunur ki, forumu parlamentinin sədri Şalva Papuaşvili
açıb.

Spiker bildirib ki, müasir qlobal qeyri-sabitlik şəraitində
milli maraqların qorunması xüsusi əhəmiyyət kəsb edir. Spiker
dövlətlə biznes sektoru arasında əməkdaşlıq məsələlərinə də
toxunub, Gürcüstanın Avropa ilə Asiya arasında birləşdirici dəhliz
kimi potensialını vurğulayıb.

“Qlobal prosesləri nəzərə alsaq, Gürcüstan Avropa ilə Asiyanı
birləşdirən sabit dəhlizlərdən biri kimi yeni imkanlar əldə edə
bilər. Biznes sektoru bu tendensiyaya uyğunlaşmalıdır ki, ölkənin
birləşdirici dəhliz kimi potensialından tam istifadə edə bilsin”, –
deyə o əlavə edib.




Məlumata görə, panel müzakirələrində, həmçinin iqtisadi siyasət
komitəsinin sədri Şota Berekaşvili və xarici əlaqələr komitəsinin
sədri Nikolaz Samxaradze iştirak ediblər. Şota Berekaşvili
çıxışında qlobal dəyişikliklər şəraitində Gürcüstanın iqtisadi
inkişafının strateji istiqamətlərini, Orta Dəhlizin rolunu, eləcə
də nəqliyyat və logistika infrastrukturunun inkişafını xüsusi
vurğulayıb.

O qeyd edib ki, həm biznes sektoru, həm parlament, həm də
hökumət Gürcüstan və region üçün sülhün əsas rol oynadığı, bunun
ölkəyə investisiyaların artmasına və nəticə etibarilə iqtisadi
inkişafın sürətlənməsinə töhfə verdiyi barədə həmfikirdir.

Nikolaz Samxaradze Gürcüstanın xarici siyasət prioritetləri,
ölkənin Avropaya inteqrasiya prosesi və beynəlxalq tərəfdaşlarla
əməkdaşlıq barədə məlumat verib.

Qeyd edək ki, Orta Dəhliz regionun bir sıra ölkələrindən keçən,
Asiya ilə Avropanı birləşdirən nəqliyyat və ticarət marşrutudur.
Bu, ənənəvi Şimal və Cənub dəhlizlərinə alternativdir.

Marşrut Çindən başlayır və Qazaxıstan, Özbəkistan və
Türkmənistan kimi Mərkəzi Asiya ölkələrindən keçərək, Xəzər dənizi,
Azərbaycan, Gürcüstan və Türkiyədən keçərək Avropaya çatır. Orta
Dəhliz Asiyanın şərq bölgələrini, o cümlədən, Çini Avropa ilə
birləşdirən, daha uzun dəniz yollarından yan keçməklə quru yolu
təklif edir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir