Azərbaycan və Litva parlamentləri arasında əməkdaşlığın inkişafı müzakirə olunub (FOTO)

Baş səhifə

Bakı. Trend:

Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə rəsmi səfərdə
olan Litva Respublikasının Baş naziri İnqa Ruqiniene ilə
görüşüb.

Trend xəbər
verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə
əlaqələr şöbəsi məlumat yayıb.

Görüşdə Azərbaycan ilə Litva arasında mövcud dostluq
münasibətlərinin və qarşılıqlı əməkdaşlığın inkişaf perspektivləri
barədə fikir mübadiləsi aparılıb. Bildirilib ki, Litva Baş
nazirinin ölkəmizə rəsmi səfəri iki dövlət arasında mövcud olan
səmimi münasibətlərin və əməkdaşlığın daha da genişləndirilməsi
niyyətinin göstəricisidir.

Milli Məclisin sədri qonağı parlamentdə salamlamaqdan
məmnunluğunu ifadə edərək qeyd edib ki, Azərbaycan və Litva
arasında tarixən formalaşmış əlaqələr və xalqlar arasında dostluq
münasibətləri ikitərəfli əməkdaşlığın inkişafı üçün möhkəm zəmin
yaradır.

Söhbət zamanı ali və yüksək səviyyəli qarşılıqlı səfərlərin və
siyasi dialoqun əməkdaşlığın genişləndirilməsində mühüm rol
oynadığı qeyd edilib.

Spiker Sahibə Qafarova ölkələr arasında imzalanmış sənədlərin
əməkdaşlıq üçün möhkəm hüquqi baza yaratdığını qeyd edərək,
müqavilə-hüquq bazasının daha da genişləndirilməsinin vacibliyini
diqqətə çatdırıb. Söhbətdə iqtisadi və ticarət əlaqələrinin mövcud
potensiala uyğun inkişaf etdirilməsinin vacibliyi qeyd olunub, bu
istiqamətdə əlavə imkanların mövcud olduğu vurğulanıb.

Humanitar sahədə əməkdaşlıqdan danışan Milli Məclisin sədri
təhsil və mədəniyyət sahəsində əlaqələrinin xalqlar arasında
münasibətlərin dərinləşməsində mühüm rol oynadığını bildirib.
Hazırda Litva ali təhsil müəssisələrində çoxlu sayda azərbaycanlı
tələbələrin təhsil aldığı və qarşılıqlı mədəni tədbirlərin
keçirildiyi məmnuniyyətlə qeyd olunub.

Görüşdə iki ölkə arasında parlamentlərarası əməkdaşlığın
əhəmiyyətinə toxunulub. Qarşılıqlı səfərlərin və parlamentlərarası
əlaqələr üzrə işçi qruplarının fəaliyyətinin qanunverici orqanlar
arasında dialoqun inkişafına töhfə verdiyi vurğulanıb.
Parlamentlərin profil komitələri arasında əməkdaşlığın
dərinləşdirilməsinin vacibliyi haqqında danışılıb.

Litva Respublikasının Baş naziri İnqa Ruqiniene səmimi qəbula
görə təşəkkürünü bildirib. Ölkəsinin Azərbaycanla əlaqələrin
inkişafına böyük önəm verdiyini deyən qonaq, mövcud geniş imkanları
qeyd edərək iqtisadiyyat, humanitar, müdafiə və təhlükəsizlik
sahələrində əməkdaşlığın vacibliyini diqqətə çatdırıb.

Litva parlamentində Azərbaycanla dostluq qrupunun üzvü olduğunu
bildirən qonaq, ikitərəfli münasibətlərin inkişafında
parlamentlərin roluna toxunaraq, işçi qruplarının fəaliyyətinin
genişləndirilməsinin və qarşılıqlı səfərlərin təşviq olunmasının
əhəmiyyətini vurğulayıb.

Görüşdən sonra qonaqlar Milli Məclisin plenar iclas zalı və
parlamentin foyesində yaradılmış Zəfər Guşəsi ilə tanış
olublar.

Sonda qonaqlar xatirə şəkli çəkdiriblər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir