
Bakı. Trend:
“Tesla” şirkəti daha kompakt və əlverişli yeni elektrikli SUV
modelinin hazırlanması üzərində işləyir.
Trend-in
məlumatına görə, bu barədə “Reuters” mənbələrə istinadla məlumat
yayıb. Bildirilir ki, kompakt SUV-un istehsalının Çində həyata
keçirilməsi planlaşdırılır və avtomobilin uzunluğu təxminən 4,28
metr olacaq.
Mənbələrin məlumatına görə, yeni modelin qiyməti “Tesla Model 3”
bazasından da aşağı ola bilər — Çində təxminən 34 min dollardan,
ABŞ-da isə 37 min dollardan başlayan qiymət səviyyəsi nəzərdə
tutulur.
Yeni avtomobildə daha kiçik batareyadan istifadə ediləcəyi,
bunun isə “Tesla Model Y” ilə müqayisədə daha qısa yürüş məsafəsi
(təxminən 306–327 mil) yaradacağı bildirilir. Həmçinin avtomobilin
çəkisinin təxminən 1,5 tona endirilməsi planlaşdırılır.
Qeyd olunur ki, bu layihə İlon Maskın 2024-cü ildə daha ucuz
elektrik avtomobil planlarından imtina edərək diqqəti robotaksi və
humanoid robotlara yönəltməsi fonunda yenidən gündəmə gəlib.

