
Bakı. Trend:
Belarusun “Vitebsk Radiodetal Zavodu Monolit” ASC-nin
direktorlar şurasının sədri Akif Qasımov Sankt-Peterburqda yerləşən
keçmiş “Lennauçfilm” kinostudiyasının əmlak kompleksini satın
alıb.
Trend xəbər verir
ki, bu barədə “Delovoy Peterburq” (DP) məlumat yayıb.
Məlumata görə, bazar iştirakçılarının qiymətləndirməsinə görə,
sahəsi 17,4 min kvadratmetr olan obyekt və 2 hektarlıq torpaq
sahəsi üçün Qasımov təxminən 1 milyard rubl (təxminən 13 milyard
dollar) ödəyib.
Nəşr xatırladır ki, 2021-ci ildə bu daşınmaz əmlak hərracda
475,5 milyon rubla Konstantin Ostrikova məxsus “Slavyanskoye” MMC
tərəfindən alınıb. 2023-cü ildən şirkət “Fortis–İnvest”in
idarəçiliyində olan qapalı pay investisiya fonduna məxsus olub.
2026-cı ilin martında isə onu 2024-cü ildən etibarən Akif Qasımova
məxsus olan “Şimal-Qərb Logistik Terminal” MMC əldə edib.
Akif Qasımovun nümayəndəsi “DP”yə bildirib ki, yeni sahib
“Lennauçfilm” ictimai məkanının inkişafını davam etdirəcək. Onun
sözlərinə görə, layihəyə əlavə investisiyalar yönəldiləcək; bu
vəsaitlər binaların təmiri, mühəndis təminatı, məkanın təşviqi və
s. üçün istifadə olunacaq. Hazırda ərazinin yenidən tikilməsi ilə
bağlı planlar yoxdur.
“DP” Akif Qasımovu sənayeyə fokuslanan uğurlu azərbaycanlı
investor kimi təqdim edir: 1997-ci ildən ‘Kulon’da
(Sankt-Peterburq) paya sahibdir, 2013-cü ildən isə vitebskli
‘Monolit’in nəzarət paketinə malikdir. Zavod sıfırdan
modernləşdirilib. Şirkətin portfelində elektronika, daşınmaz əmlak
və idman layihələri var.

