
Bakı. Trend:
2025-ci il ərzində Azərbaycanda orta depozit faiz dərəcələri
tədricən azalıb, 2024-cü ilin oktyabrında 8.7%-dən 2025-ci ilin
dekabrında 6.5%-ə enib.
Trend bu barədə “Bakı Fond Birjası” QSC-yə (BFB) istinadən xəbər verir.
Bildirilib ki, bu dinamika pul siyasətinin yumşaldılması fonunda
bank sistemində maliyyələşmə xərclərinin azalmasını əks etdirib: “Kredit faizləri isə yüksək səviyyədə qalaraq 2025-ci ilin
dekabrında 18.69% təşkil edib ki, bu da maliyyələşmə xərclərindəki
azalmanın kredit qiymətlərinə ötürülməsinin məhdud və tədricən baş
verdiyini göstərir. Kapital bazarında isə korporativ və DMM üzrə
istiqraz yerləşdirmələri üçün orta çəkili borcalma dərəcəsi 2025-ci
ildə 12.5% təşkil edib ki, bu da 3 illik dövlət istiqrazlarının
orta gəlirliliyi olan 7.6%-dən yüksəkdir.
Daha yüksək borcalma dərəcəsi əsasən emitent strukturunu əks
etdirir, çünki il ərzində AZN ilə yerləşdirmələrin böyük hissəsi
daha yüksək risk mükafatı ilə xarakterizə olunan bank olmayan
kredit təşkilatları tərəfindən həyata keçirilib. Bununla yanaşı,
korporativ istiqrazların korporativ kreditlərə nisbəti 2023-cü
ildəki 6.5%-dən 2025-ci ildə 10.1%-ə yüksəlib ki, bu da korporativ
maliyyələşmədə kapital bazarlarının rolunun tədricən artdığını
göstərir. Bank kreditləri hələ də əsas maliyyələşmə mənbəyi olaraq
qalmaqla yanaşı, bu dinamika maliyyələşmə mənbələrinin
diverfikasiyasını və bazar əsaslı alətlərə çıxışın genişləndiyini
göstərir”.

