
İranın 10 maddəlik planının İslamabadda ABŞ-la danışıqların əsasını təşkil etməsi üzrə razılıq əldə olunub.
APA-nın Tehran bürosu xəbər verir ki, bu barədə İran xarici işlər nazirinin müavini Məcid Təxt-Ravançi Tehranda akkreditə diplomatik korpusun nümayəndələri ilə görüşdə bildirib.
Nazir müavini deyib ki, ABŞ Cenevrə danışıqları davam etdiyi bir şəraitdə diplomatik prosesin ortasında ikinci dəfə İrana qarşı hücuma keçib, İranın Ali Rəhbərini, eyni zamanda, bir qrup yüksək rütbəli komandiri, məmuru və mülki əhalini öldürüb.
O, Tehranın atəşkəs elan edilməsi və 10 maddəlik planın amerikalılara təqdim edilməsi ilə bağlı məsuliyyətli davrandığını diqqətə çatdırıb. Nazir müavini qeyd edib ki, İranın 10 maddəlik planının danışıqların əsasını təşkil etməsi üzrə razılıq əldə olunub.
“İranın qonşu ölkələrə münasibətində əsas yanaşma qonşuluq münasibətlərinin yaxşılaşdırılmasıdır və Tehranın müdafiə əməliyyatları bu ölkələrə qarşı hücum kimi qəbul edilməməlidir. Bu əməliyyatlar həmin ölkələrin ərazisində yerləşən və İrana qarşı hərbi təcavüzdə istifadə olunan Amerika bazaları və obyektlərinə qarşı həyata keçirilib”, – Məcid Təxt-Ravançi vurğulayıb.
Nazir müavini İrana qarşı hücumu pisləyən ölkələrə təşəkkür edib, bəzi Avropa ölkələrinin mövqeyini isə kəskin şəkildə tənqid edib.
Haşim Rahimi

