
Bakı. Trend:
Yaxın Şərqdəki müharibə ilə əlaqədar neftin qiymətlərinin kəskin
artması Avrozonada inflyasiyanın əhəmiyyətli dərəcədə yüksəlməsinə
səbəb olub.
Trend xəbər verir ki, Aİ-nin
Statistika İdarəsinin (Eurostat) məlumatına əsasən, Avrozonada
illik inflyasiyanın bu ilin martında 2,5 faiz təşkil edib. Bu
göstərici fevralda qeydə alınan göstəricidən (1,9 faiz) çoxdur.
Bununla da inflyasiya 2025-ci ilin yanvarından bəri ən yüksək həddə
çatıb.
Bununla belə, enerji qiymətlərinin yüksək artımı fonunda
inflyasiyanın göstəricisi analitiklərin gözlədiyindən aşağı olub.
İqtisadçılar orta hesabla inflyasiyanın 2,6 faizə yüksələcəyini
proqnozlaşdırırdılar. Avropa Mərkəzi Bankı (AMB) inflyasiyanı 2
faiz səviyyəsində saxlamağı hədəfləyir.
“Eurostat”ın məlumatına əsasən, fevralda enerji qiymətləri illik
müqayisədə 3,1 faiz azaldığı halda, martda bu göstəricinin 4,9 faiz
artdığı ehtimal olunur. Qida məhsulları, alkoqol və tütün
qiymətləri illik müqayisədə 2,4 faiz, xidmətlər isə 3,2 faiz
bahalaşıb.
Məlumata əsasən, ən yüksək inflyasiya Xorvatiyada (4,7 faiz),
Litvada (4,5 faiz), Lüksemburqda (3,8 faiz) və Slovakiyada (3,7
faiz) qeydə alınıb. Ən aşağı qiymət artımı Kipr, İtaliya (hər biri
1,5 faiz) və Fransada (1,9 faiz) müşahidə olunub.

