
Bakı. Trend:
16 aprel tarixində Brüssel şəhərində Azərbaycan Respublikası ilə
Avropa İttifaqının nümayəndə heyətləri arasında yeni ikitərəfli
saziş üzrə danışıqların bərpası və Tərəfdaşlıq Prioritetləri sənədi
üzrə növbəti müzakirələrin aparılması məqsədilə görüş
keçirilib.
XİN-dən Trend-ə bildirilib
ki, Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini
Yalçın Rəfiyev, Avropa İttifaqı tərəfinə isə Avropa Xarici
Fəaliyyət Xidmətinin icraçı direktorunun müavini Audrone
Perkauskiene rəhbərlik edib.
Konstruktiv ruhda keçən müzakirələr hər iki sənəd üzrə
mövqelərin qarşılıqlı əsasda anlaşılması və danışıqların növbəti
mərhələlərinin planlaşdırılmasına xidmət edib.
Görüşün yekununda danışıqların növbəti mərhələsinin iyun ayının
əvvəlində Bakıda keçirilməsinə qərar verilib.
Azərbaycan nümayəndə heyətinin tərkibində Xarici İşlər Nazirliyi
ilə yanaşı, İqtisadiyyat, Ədliyyə, Energetika, Rəqəmsal İnkişaf və
Nəqliyyat, Maliyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi
nazirliklərinin, habelə Azərbaycan Respublikasının Prezidenti
yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət
Agentliyinin, Dövlət Gömrük Komitəsinin, Mərkəzi Bankın və
Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin nümayəndələri yer
alıb.
Səfər çərçivəsində, Yalçın Rəfiyev həmçinin Avropa
Komissiyasının iqlim fəaliyyəti üzrə baş direktor müavini Yan Dusik
və ətraf mühit üzrə Baş Direktor müavini Patrik Çild ilə görüşlər
keçirib. Təmaslar zamanı iqlim fəaliyyəti və ətraf mühit sahəsində
Azərbaycan-Avropa İttifaqı dialoq formatının yaradılması, eləcə də
COP prosesi, iqlim və ətraf mühitlə bağlı beynəlxalq təşkilatlar
çərçivəsində irəli sürülmüş təşəbbüslər ətrafında fikir mübadiləsi
aparılıb.

